TBİLİSİ, 8 aprel. TELEQRAF

“Yaxınlarım Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyilər. Onların hər biri tarixi vətənlərinə canla-başla dönməyə hazırdırlar”.

Bunu Teleqraf-ın yerli bürosuna ata tərəfdən Amasiya rayonundan olan, Gürcüstanın Şulaver kəndinin sakini Şahbəndiyar İsfəndiyarov deyib.

O, 1989-cu ildə yaxın qohumlarının Amasiyadan necə qovulduğunu xatırlayıb.

“Güllücə və Güllübulaq kəndlərində əmim, bibim qızı və dayılarım yaşayırdı. Dmanisi tərəfdən maşınımla bir neçə dəfə Ermənistana yollandım. O zaman qarışıqlıq idi deyə sərhəddə nəzarət yox idi. Qohumlarımı Gürcüstana gətirdim, bir neçə ay bizdə qaldılar. Böyük stress yaşamışdılar və Tbilisidə müalicə olundular. Daha sonra Azərbaycana köçdülər, Gəncə, Bakı və Mingəçevirdə məskunlaşdılar”, - soydaşımız söyləyib.

Ş.İsfəndiyarov özünün də Qərbi Azərbaycana qayıtmaq istədiyini qeyd edib:

“El-obamız oradadır, doğmalarımızın məzarları o torpaqlardadır. Qərbi Azərbaycandan olan elə bir insan yoxdur ki, ora dönmək istəməsin”.

Qeyd edək ki, soydaşımız bu gün Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi konfransda Qərbi Azərbaycan mövzusundakı panel müzakirəsində qısa çıxış edib.