AĞDAM, 25 iyul. TELEQRAF

Ağdam rayonunun Xıdırlı kəndinə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən şəxslər daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

13:34

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 60 ailə 232 nəfər yeni tikilmiş fərdi yaşayış evləri ilə təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr bu günə kimi müxtəlif şəhər və rayonlarda yerləşən inzibati binalarda, idarə müəssisədə məskunlaşmış ailələrdir.

***

06:36

Bu gün Füzuli şəhərinə 1 ailə (5 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə cəmi – 60 ailə (232 nəfər) köçürülüb.

Teleqraf xəbər verir ki, bu köç də daxil olmaqla indiyə kimi Füzuli şəhərinə cəmi 824 ailə (3141 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə cəmi 70 ailə (276 nəfər), köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Füzuli şəhərinə və Xıdırlı kəndinə qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Xıdırlıya qayıdan Akif Məmmədov: "Sevincimizin həddi-hüdudu yoxdu. Ən böyük sevincim isə 88 yaşlı atamın Xıdırlaya qayıtmasıdır. Bu, ailəmiz üçün böyük hadisədir. Bu günü bizə yaşayan Prezidentimizə, ordumuzu çox minnətdarıq. Allah Azərbaycanımızı qorusun".

88 yaşlı Nəriman kişi isə deyir ki, öz evi üçün çox darıxıb.

"Evimə gedirəm, çox sevinirəm".