“Qarabağın dağlıq hissəsinin tam şəkildə Azərbaycana təhvil verilməsi prosesi başlayır”.
Teleqraf.com xəbər verir ki, bunu separatçı rejimin “deputat”ı Metakse Akopyan deyib.
Onun sözlərinə görə, artıq bölgədə yaşayan ermənilərdə “müstəqil ölkə” olacaqlarına ümid qalmayıb: “Artıq belə bir sabahın olacağına inam yoxdur. Qarabağda (dağlıq hissədəki ermənilər) yaşayanların əksəriyyəti belə hiss edir”.
Akopyan halqanın günbəgün daraldığını və bunun reallığın bir hissəsi olduğunu söyləyib. O, separatçı Araik Arutyunyan rejiminin ərazilərin təhvil verilməsi ilə bağlı Ermənistan hökumətinin tapşırıqlarını yerinə yetirdiyini də iddia edib.
“Ərazilərin təhvil verilməsi əməliyyatının yeni mərhələsi başlayıb. Ssenari dəyişməyib. Bu, Nikolun (Paşinyan) dəst-xəttidir”, - Akopyan vurğulayıb.
“Deputat” həm separatçı rejim, həm də Ermənistan hökumətinin Qarabağ yükündən qurtulmaq istədiyini deyib.