BAKI, 4 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə bağlı qərarın oktyabrın 18-dək qəbul edilə biləcəyini istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp qərarın qəbulunu son ana qədər təxirə sala və mümkün addımların müsbət və mənfi tərəflərini qiymətləndirə bilər. Rayt bildirib ki, administrasiya Ukrayna böhranının həlli məqsədilə təzyiq göstərmək üçün bütün mövcud vasitələri nəzərdən keçirir.
Nazir Rusiyanın ticarət tərəfdaşlarına qarşı sözügedən müddətədək tariflərin tətbiq edilə biləcəyinə dair suala birbaşa cavab verməyib. O qeyd edib ki, Tramp münaqişənin həlli və amerikalılar üçün qiymətlərin aşağı salınması yollarını axtarır.
Qeyd edək ki, Tramp sentyabrın 18-də Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun imzalayıb. Qanuna əsasən, məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarın 30 gün ərzində qəbul edilməsi nəzərdə tutulur.