Milli Məclisin (Ali Sovet) sabiq sədri, professor Yaqub Məmmədov Teleqaraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar gedir, bu prosesdə vasitəçi kimi gah Rusiya, gah da Avropa İttifaqı iştirak edir. Siz danışıqlar prosesini və nəticəni necə qiymətləndirirsiniz?

- Əslində aparılan danışıqlar müsbət qiymətləndirilməlidir. Məntiqlə danışıqlar və müzakirələr aparılmalıdır ki, məsələ də birdəfəlik həllini tapsın. Bu mənada hansı formatdan asılı olmayaraq Azərbaycan və Ermənistan arasında danışıqlar getməlidir. Aydındır ki, burada maraqlı tərəflər də var-Avropa İttifaqı, Rusiya və Qərb ölkələri. Hiss edirik ki, Ermənistan tərəfi də köhnə Minsk qrupunu işə salmağa cəhdlər edir. Amma bu heç də yaxşı addım deyil. Minsk qrupu az qala 30 il bu problemlə məşğul olub, ancaq ortaya nəticə qoymayb. Müsbət haldır ki, bilavasitə Azərbaycan və Ermənistan arasında da danışıqlar aparılır. Danışıqlar getməsə, məsələ həll olunmaz. Oturub danışmadan məsələnin həllini gözləmək də absurd olar. Odur ki, dialoq, danışıq, müzakirələrin getməsini təbii qarşılamaq lazımdır.

- Sizcə, erməni tərəfi sülhün əldə edilməsinə, Azərbaycanla əlaqələrin qurulmasına, regionda ticarət yollarının açılmasına hazırdırmı?

- Biz məlumatları əsasən açıq mənbələrdən-mətbuatdan əldə edirik. Aldığımız məlumat da belədir ki, erməni xalqının böyük əksəriyyəti sülhə hazırdır, sakit yaşamaq istəyir. Amma gördüyünüz kimi Ermənistanda da eksteremistlər, radikallar və revanşistlər var. Demək olar ki, hər gün İrəvanın küçələrində mitinqlər təşkil edirlər. Yəni sülhü istəməyənlər, atəşkəsi pozanlar da var. Keçmiş Dağlıq Qarabağdan İrəvana gedən, orada özlərinə yaxşı həyat quranlar indi məsələni qarışdırır, çalışırlar ki, Azərbaycan və Ermənistan arasında vəziyyət gərgin olsun. Çünki sülhün və normal münasibətlərin qurulması onların uzun illər apardığı siyasi xəttin iflası mənasını verəcək və bu adamlar silinib gedəcəklər. Odur ki, Ermənistanda həm də narazılar var, ancaq görünən odur ki, erməni xalqının böyük əksəriyyəti sülh və sakitlik istəyir. Məhz bu səbəbdən də onlar Nikol Paşinyana yenidən səs verdilər və onu hökumət başçısı seçdilər. Paşinyan da 44 günlük savaşı uduzandan sonra məncə, ağlı başına gəldi və üçtərəfli bəyanata imza atdı. İndi də zəhmət çəkib cəmiyyətini sülhə hazırlamalıdır. Məncə, o anlayır ki, reallığı qəbul etmək lazımdır.

- Avropa İttifaqının bu prosesdə fəallaşmasının motivi nədir, bu qurum sadəcə olaraq bölgədə davamlı sabitliyin yaranmasından yanadır, yoxsa öz maraqları da var?

- Aydındır ki, Avropanın da öz marağı, öz oyunları var. Biz onların oyunlarının nədən ibarət olduğunu deyə bilmərik. Hər halda Avropanın bu danışıqlarda iştirakı, görüşləri təşkil etməsi müsbət hadisədir. Amma orada nələrin danışıldığı məxfidir, biz bu barədə bir söz deyə bilmərik. Şəxsən mənim məlumatım yoxdur, sadəcə görüşdən sonra açıqlanan bəyanatla tanışam.

- Hazırda revanşist qüvvələr Ermənistanda aksiyalar təşkil edirlər, küçələri bağlayır, Qarabağa dair bəyanat hazırlayırlar və hətta bu sənədin erməni parlamenti tərəfindən qəbul edilməsinə çalışırlar. Erməni müxalifətinin məqsədi nədir, hakimiyyətə gəlmək, yoxsa Qarabağ ermənilərinin taleyi düşündürür oları?

-Onların məqsədi aranı qarışdırmaq, Azərbaycan və erməni xalqı arasında çaxnaşma yaratmaqdır. Bu qüvvələrin 30 il əvvəl məqsədi nə idi? Separatçı meyllər, separat ideyaların təbliği və s. İndi də Qarabağdan qaçıb gediblər İrəvana və orada da bəzilərini öz tərəflərinə çəkərək mitinqlər təşkil edirlər. Yenə də Qarabağ məsələsini özlərinin istədiyi kimi həll edilməsini istəyirlər. Əslində bu daha mümkün olası iş deyil. Onların elə mitinq edə-edə canları çıxacaq.

Mən hesab edirəm ki, geriyə yol yoxdur. Nə qədər mitinq etsinlər, etiraz tədbirləri təşkil etsinlər, zərərli ideyaların təbliği ilə məşğul olsunlar, bunun əhəmiyyəti yoxdur.

Üstəlik nəzərə almaq lazımdır ki, bizim ölkə rəhbərinin birmənalı mövqeyi və qətiyyəti ortadadır. Siyasi iradə bu məsələnin həll edilməsini ifadə edir. Ölkə rəhbəri də dəfələrlə bəyan edib ki, Qarabağda heç bir statusdan, müstəqil dövlətdən söhbət belə gedə bilməz. Orada olan ermənilər Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər və buna etirazımız da yoxdur.

- Erməni tərəfi razılaşmadan qaçsa və vaxtı uzatsa, müharibə ehtimalı ortaya çıxa bilərmi?

- Müharibə ehtimalını mümkün saymıram. 44 günlük müharibə zamanı Ermənistan ordusu, texnikası darmadağın edildi. Hazırda onlarda elə bir ordu yoxdur ki, yenidən gəlib bizimlə müharibə aparmaq niyyətinə düşsünlər. Zənnimcə, müharibə etmək üçün onlara uzun müddət lazımdır ki, ordu qursunlar, silah-sursat alsınlar. Bunun da olacağına inanmıram. Bu mənada geniş miqyasda müharibənin ola biləcəyi inandırıcı deyil.

- Amma hər gün atəşkəsi pozurlar...

- Onlar bu cür təxribatlar edəcəklər. Təxribatlar onların peşəsidir. Neçə illər əvvəllər də bunu edirdilər. İllər əvvəl atəşkəs əldə olundu, amma onlar təxribatları yerə qoymadılar. Mən hesab edirəm ki, indi də atəşkəsin pozulması separatçıların işləridir. Onlar separatçı iddialarından əl çəkmirlər. Amma zaman artıq onların zamanı deyil.

- Söz separatçılardan düşmüşkən, Qarabağda yaşayan 25-30 min erməni öz taleyi haqqında nə düşünür, Azərbaycan vətəndaşları kimi yaşamağa hazırdırlarmı?

- Məndə Qarabağdakı sadə ermənilər haqqında məlumat yoxdur. Bu səbəbdən nəsə deyə bimərəm. Onların sülhə hazır olub-olmadığı mənə məlum deyil. Amma orada yaşayan ermənilər xeyli azalıb. Əvvəlki ilə müqayisədə indi sayları daha azdır. Aydındır ki, 20-25 min erməniyə müstəqillik və ya status veriləsi deyil. Onlar əgər belə iddialardadırlarsa, bundan əl çəkməlidirlər. Azərbaycanın bir rayonu kimi oturub yaşasınlar. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, Azərbaycan vətəndaşı kimi onlara şərait yaradılacaq, oturub yaşasınlar, öz işləri ilə məşğul olsunlar. Başqa nəsə gözləməyə də dəyməz.

Hazırda sülh danışıqları gedir və mən inanıram ki, geciksə də, sülh müqaviləsi bağlanmalıdır. Görünür Rusiya rəhbərliyi də bunda maraqlıdır. Beynəlxalq təşkilatların da bəyanatlarından da görünür ki, onlar sülhün əldə edilməsində maraqlıdır. Brüsseldə baş tutan son görüşdə müəyyən erazılıqlar oldu. Hesab edirəm ki, sülh müqaviləsinin bağlanmasını zaman özü ortaya qoyacaq.