BAKI, 9 iyun. TELEQRAF

"Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və onunla birgə təqdim olunan hesabata dair rəy hazırlanıb. Rəyin hüquqi əsaslarını “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunlar təşkil edib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına rəy verərkən əsasən ekranda gördüyünüz göstəricilərə, o cümlədən büdcə sənədləşmələrində əks etdirilib:

“2025-ci il üzrə proqnoz, gözlənilən və icra göstəricilərinə istinad etmişdir. Təqdimatdan göründüyü kimi, ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb. ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmayıb, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənmişdir. 2025-ci ilin baza ssenarisi üzrə təqdim edilən proqnozların icra parametrləri arasında müəyyən uyğunsuzluqlar müşahidə edilir.

2025-ci ilin dövlət büdcəsi layihəsinə hazırlanan rəydə Hesablama Palatası əsas makroiqtisadi göstəricilərin müxtəlif ssenarilərdə proqnozlarının təqdim edilməsini vacib hal kimi dəyərləndirib.. Ötən ilin yekunları üzrə gördüyümüz makroiqtisadi mənzərə bu fikrin əhəmiyyətli olduğunu göstərir. Rəyin hazırlanması prosesində aparılan müzakirələr də nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin icrası barədə hesabata dəqiqləşdirilmələr həyata keçirilmişdir. Hüquqi aktların tələblərinə uyğun olaraq, Hesablama Palatası tərəfindən rəyin verilməsi zamanı Milli Məclisdən daxil olan dövlət büdcəsinin icrası barədə yekun illik hesabat (dəqiqləşmələri özündə ehtiva edən) nəzərə alınmışdır.

Rəydə dörd əsas suala cavab verməyə çalışmışıq və eyni zamanda, qanun layihəsi ilə birgə təqdim olunan Hesabatdakı göstəricilərə dair münasibətimizi əks etdirmişik.
1. Qanun layihəsi və illik hesabatın qanunvericiliyə uyğunluğu;
2. Dövlət büdcəsinin parametrlərinin düzgünlüyü və tamlığı;
3. Büdcə göstəricilərinin strateji sənədlərə uyğunluğu;
4. Büdcə göstəricilərinin təsdiq edilmiş göstəricilərə uyğunluğu.

Səsləndirdiyim sualları apardığımız təhlillərlə əldə olunan əsas nəticələr üzərindən cavablandırmağa çalışacağıq. Eyni zamanda nəticələrə uyğun təklif və tövsiyələrimizi də səsləndirəcəyik. Rəyin daha rahat anlaşılması üçün əməkdaşlarımızın hazırladığı təqdimat çıxışımı müşayiət edəcəkdir”.

Palata sədri bildirib ki, Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” Qanunun 20.6-cı maddəsinə əsasən Qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlili aparılmış, bu göstəricilərin tamlığı və düzgünlüyünün qiymətləndirilməsinə çalışılıb:

“Təqdim olunan Qanun layihəsi 3 maddədən ibarətdir. Qanun layihəsində gəlir və xərclərin icrası üzrə ümumi məbləğ, gəlirlərin mədaxil mənbələri üzrə icra məbləği, manatın məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc, funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icra məbləği, dövlət büdcəsinin profisiti və cari il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı əks etdirilib.
Aparılmış təhlillər Qanun layihəsində əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib. Bununla yanaşı, 2 məqamı bildirmək istərdim.

Birinci məqam odurki, 2025-ci il 14 iyul tarixli dəyişikliklərə əsasən, “Büdcə sistemi haqqında” Qanunun 18.4-1-ci maddəsində dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotunun həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılmalı olduğu təsbit edilib.

Lakin ilin ikinci yarısında qəbul edilmiş dəyişiklik, bu dəyişikliyə verdiyimiz rəydə də göstərildiyi kimi, müvafiq fondlardan icra edilmiş xərclərin ünvanlılığı baxımından müsbət addım olsa da, uçota alınma mexanizminin formalaşdırılmasına zərurət var. Qeyd edim ki, 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində bu məqam tətbiq edilməyib.

Nəticədə Qanun layihəsində “Əsas bölmələrə aid edilməyən xərclər” bölməsinin icra məbləği təxminən 1,4 mlrd. manat çox, həmin xərclərin yönləndirildiyi istiqamətlər isə həmin məbləğ qədər az göstərilmişdir.
Bildirmək istəyirəm ki, müvafiq maddənin Qanuna əlavə edilməsi ilə bağlı 2025-ci ildə layihə Hesablama Palatasına təqdim ediləndə müvafiq riskləri qeyd etmişdik. Belə ki, uçotun hesabatda necə nəzərə alınacağı ilə bağlı suallarımızı, habelə uçotun aparılması üçün texniki imkanların olmasının vacibliyini qeyd etmişdik.

İkinci məqam isə, 1 qurum (AKİA) üzrə ilin son günlərində 10,0 mln. manat məbləğində icra edilməyən xərcin (subsidiyanın) büdcəyə qaytarılması həyata keçirilmişdir. Qeyd edim ki, əvvəlki illərdə də subsidiyanın ilin sonunda büdcəyə qaytarılması halına rast gəlmişdik. Həmin halda doğru olaraq müvafiq məbləğ qədər xərc az tanınmış və hesabatda sonradan dəqiqləşdirilmə aparılıb. Lakin 2025-ci ildə bu xərc kimi tanınmışdır ki, bu da 2025-ci ildə xərclərin həmin məbləğ çox, profisitin isə az göstərilməsinə səbəb olub”.

Vüqar Gülməmmədov vurğulayıb ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2025-ci ildə 37,7 mlrd. manat təhlillə əhatə edilib:
“Bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2%-nə bərabər olmuşdur. Əhatə edilən aidiyyəti qurumlardan alınmış hesabatlardakı müvafiq icra göstəricilərinin dövlət büdcəsinin icrasına dair illik Hesabatda əks etdirilmiş göstəricilərlə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir.
Qeyd edim ki, analitik prosedurların nəticələrinə əsasən, 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib.
Dövlət büdcəsinin gəlirlərində sair daxilolmalar 547,0 mln. manat göstərilmişdir. Təhlillər bu mədaxil mənbəyinin tərkibi ilə də bağlı sualların olduğunu göstərir. Belə ki, bu daxilolmaların tərkibində vahid büdcə təsnifatına uyğun olmayan tədiyyə mövcuddur".