BAKI, 8 iyun. TELEQRAF

"Bu məsələ ilə bağlı media gündəmində ilk müzakirələri başladan tərəflərdən biri də biz olmuşuq. Azərbaycan mediası da bu istiqamətdə müəyyən maarifləndirici fəaliyyət həyata keçirib. Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir".

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək: "Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar və yanlış şərhlər daha sürətlə yayılır. Sonradan isə biz həmin məlumatları təkzib etməyə və ya düzəliş verməyə çalışırıq. Təəssüf ki, bu yanaşma hər zaman kifayət qədər effektiv olmur. Bu qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir. Çünki burada məqsəd sadəcə məhdudiyyət tətbiq etmək deyil. Biz nəyi məhdudlaşdırırıq? Sosial şəbəkələrdə məqsədsiz və sistemsiz şəkildə vaxt keçirilməsini. Eyni zamanda bunun alternativini də təklif etməliyik. Uşaqlara faydalı informasiya təqdim etməli, maarifləndirmə işini elə qurmalıyıq ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun".

N.Məmmədli qeyd edib ki, bu gün uşaqlar və yeniyetmələr internetdən geniş istifadə edirlər:

"Məktəblərdə verilən bir çox tapşırıqların yerinə yetirilməsi də internet resurslarından istifadəni zəruri edir. Ona görə də məqsəd internetdən istifadənin qarşısını almaq deyil, onun daha səmərəli və təhlükəsiz istifadəsini təmin etməkdir. Bu baxımdan rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq ki, uşaqlar zərərli məzmunun alternativini görə bilsinlər. Qeyd etmək istəyirəm ki, hətta 18 yaşından sonra da sosial şəbəkələrdən və rəqəmsal imkanlardan məqsədsiz istifadə insanın vətəndaş kimi formalaşmasına ciddi töhfə vermir. Buna görə də rəqəmsal düşüncə və rəqəmsal mədəniyyət uşaqlarda və gənclərdə daha erkən yaşlardan formalaşdırılmalıdır. Bugünkü çıxışlardan da cəmiyyətin bu məsələ ilə bağlı narahatlığını hiss etmək mümkündür. Lakin rəqəmsal reallıq yalnız təhdidlərdən ibarət deyil. Onun çox geniş və əhəmiyyətli müsbət tərəfləri də var. Hesab edirəm ki, bu qanunun ictimai müzakirəsi ilə paralel olaraq media da öz fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməlidir. Cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlara yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərilməlidir.

Maarifləndirmə Azərbaycan mediasının yaranışından etibarən əsas funksiyalarından biri olub. Düşünürəm ki, bu gündən başlayaraq həmin istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik"