BAKI, 5 mart. TELEQRAF

"Azərbaycan ərazisinə onun ayrılmaz hissəsi olan Naxçıvana mülki infrastruktura qarşı həyata keçirilmiş dron zərbəsi regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirən ciddi hadisədir. İranın müəyyən dairələri tərəfindən törədildiyi bildirilən bu hücum təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də beynəlxalq hüququn fundamental prinsipləri baxımından qiymətləndirilməlidir".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Mehriban Vəliyeva İranın Azərbaycana qarşı hərbi təxribatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, beynəlxalq hüquqa görə, bir dövlətin digər dövlətin ərazisinə qarşı silahlı vasitələrdən istifadə etməsi “güc tətbiqi” kimi xarakterizə olunur: “BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində açıq şəkildə qeyd olunur ki, bütün üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqindən və ya güc tətbiqi hədəsindən çəkinməlidirlər. Naxçıvan ərazisində mülki obyektlərin dronla vurulması bu müddəanın birbaşa pozuntusudur. Burada söhbət hərbi obyektlərdən deyil, mülki infrastruktura qarşı yönəlmiş zərbədən gedir ki, bu da beynəlxalq humanitar hüququn prinsipləri – xüsusilə mülki şəxslərin və mülki obyektlərin qorunması prinsipinə ziddir. Əgər bu əməl dövlət tərəfindən və ya dövlətin nəzarətində olan qurumlar tərəfindən həyata keçirilibsə, bu, beynəlxalq hüquqi məsuliyyət doğuran açıq aktdır. Azərbaycan dəfələrlə və ən yüksək səviyyədə bəyan edib ki, onun ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq.

Bu mövqe həm regional sabitliyə xidmət edir, həm də Azərbaycanın beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə sadiqliyinin göstəricisidir. Rəsmi Bakının bu prinsipial xəttinə baxmayaraq, Naxçıvana qarşı dron hücumu Azərbaycanın ərazi suverenliyinə və təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilməlidir. Dövlətlərin suverenliyi beynəlxalq münasibətlər sisteminin təməl prinsipidir və bu prinsipin pozulması regionda təhlükəli presedent yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirini nazirliyə çağıraraq etiraz notası təqdim etməsi beynəlxalq praktikaya uyğun, adekvat diplomatik addımdır. Bu, həm rəsmi etirazın ifadəsi, həm də hadisənin hüquqi-siyasi məsuliyyətinin qarşı tərəfin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, İran tərəfinin məsələyə dərhal və aydın münasibət bildirməsi vacibdir. Dövlətlər arasında qarşılıqlı etimadın qorunması üçün şəffaflıq və məsuliyyət əsas şərtlərdir. Rəsmi açıqlama verilməməsi və ya qeyri-müəyyən mövqe regionda şübhələri və gərginliyi daha da artırır”.

Deputat hesab edir ki, Cənubi Qafqaz onsuz da mürəkkəb geosiyasi dinamika ilə üz-üzədir: "Bu şəraitdə dövlət sərhədlərinin toxunulmazlığının pozulması, xüsusilə pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumlar yeni təhlükəsizlik çağırışları yaradır. Dron texnologiyalarının yayılması fonunda bu cür insidentlərin qarşısının alınması üçün dövlətlərin daha məsuliyyətli davranışı zəruridir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun təhlükəsizliyi bütövlükdə ölkənin milli təhlükəsizlik məsələsidir. Bu baxımdan, istənilən xarici müdaxilə və ya silahlı təxribat cəhdi yalnız lokal hadisə deyil, dövlətlərarası münasibətlərə təsir göstərən ciddi siyasi aktdır. Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirilmiş dron hücumu beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin 2.4-cü maddəsinin açıq pozuntusu kimi qiymətləndirilməlidir.

Bu hadisə Azərbaycanın ərazi suverenliyinə qarşı yönəlmiş qəbuledilməz addımdır. Azərbaycanın mövqeyi aydındır: ölkə öz ərazisindən heç bir dövlətə qarşı istifadə olunmasına imkan vermir və regionda sabitliyin tərəfdarıdır. Eyni yanaşma qarşı tərəfdən də gözlənilir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət, suverenliyə riayət və beynəlxalq hüquq prinsipləri üzərində qurulmalıdır. Mövcud insidentin obyektiv araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri siyasi-diplomatik addımların atılması regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.