BAKI, 4 mart. TELEQRAF

"Azərbaycan bir Dövlət olaraq, hər zaman dünyada baş verən hadisələrə adekvat reaksiya verir. Bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni qərar və qanunlar qəbul edir. Biz bunu bütün istiqamətlərdə müşahidə edə bilirik. Bugünkü görüşümüzün də əsas mövzusu elə «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Qanun, onun verdiyi töhfələr və bu qanunun tətbiqi zamanı üzə çıxan çətinliklər, gələcək perspektivlərdir. Bu da təbiidir, bu il qanunun qəbul edilməsinin iyirmi ili tamam olur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, ötən dövrdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı hansı proses baş verib: “Bu istiqamətdə hansı uğurlar əldə olunub? Qarşıdakı vəzifələr nədən ibarətdir? Düşündük ki, belə bir əhəmiyyətli tədbirin keçirilməsinə ehtiyac var. Bu dinləmənin gerçəkləşməsinə dəstək verdiyi üçün Milli Məclisin rəhbərliyinə, spiker xanım Sahibə Qafarovaya öz təşəkkürümü bildirirəm. Və qeyd edim ki, Sahibə xanım bu mövzunun həssaslığına yaxından bələddir. Vaxtı ilə, millət vəkili, hazırda isə Parlamentin sədri kimi, beynəlxalq səviyyədə gender bərabərliyi ilə bağlı cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının formalaşması və daim təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini səsləndirir.

Azərbaycan qadınların siyasi hüquqları və onlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə BMT Konvensiyalarına qoşulduqdan sonra gender bərabərliyinin təmin olunması sahəsində milli qanunvericilikdə bir sıra irəliləyişlər əldə edib. Xüsusi ilə qeyd etməliyəm ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Onun bu sahəyə böyük diqqəti, imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm tarixi addım idi. Gender bərabərliyi üzrə ilkin istinad edilən sənəd Azərbaycanın Konstitusiyasıdır. Konstitusiyanın 25-ci maddəsində kişi və qadın arasında hüquq və azadlıqlar bərabərliyi təsbit edilib.

Əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasət ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Və mən qeyd etmək istərdim ki, Azərbaycan o vaxtı MDB məkanında və bir çox Аvropa ölkələrindən də daha tez bu qanunu qəbul etmişdi.

Elə hazırda da bəzi dövlətlər bir sıra fəaliyyət planları və digər sənədlər qəbul etsələr də, onlar belə bir qanunu qəbul etməyiblər.
Əlbəttə ki, bu Azərbaycan dövlətinin gender bərabərliyinin təmin olunmasına göstərdiyi həssas münasibətin bariz nümunəsidir. Mühüm məsələlərdən biri də gender bərabərliyinin təminatı baxımından qanunvericilik bazasının təkmilləşdirilməsi oldu. Ötən dövr ərzində milli qanunvericilikdə qadınlarla kişilərin hüquq bərabərliyinin təmin edilməsi istiqamətində çoxlu sayda əlavə və dəyişikliklər olunub".

Komitə sdəri bildirib ki, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204-ə qədər müəyyən edilmişdir: “Əvvəllər onların sayı 674 idi. Eyni zamanda, qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir.

Həmçinin ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə yaxınlaşmasının təmin ediləcəkdir. Və statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63 tam onda 3 faizini təşkil edirdisə, 2024 -cü ildə isə 68 tam onda 9 faizini təşkil etmişdir. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən qadınlarla yanaşı kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızn konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gəldiyi zaman kişilər 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi.

Yeni dəyişikliyə əsasən artıq bu məzuniyyət ödənişli əsaslarla verilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Bu baxımdan, Əmək Məcəlləsində edilən son əlavə və dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, qadınların kişilərlə bərabər iştirakçılığı üçün həm evdə, həm də iş yerlərində təhlükəsiz şərait olmalıdır. 2010-cu ildə qəbul edilmiş «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunun mühüm əhəmiyyəti vardır. Qadınların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Nəticədə, zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirildi; zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi; zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyalar sərtləşdirildi; qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin müddətinin artırıldı; məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradıldı; zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirildi.

Bildiyiniz kimi, 2011-ci ildən Azərbaycanda nikah yaşı bərabərləşdirildi: qadın və kişilər üçün 18 yaş müəyyən olundu. 2025-ci ildə isə 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırıldı, həmçinin, yetkinlik yaşına çatmayanlarla qeyri rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər, qəyyumlar barəsində sanksiyalar sərtləşdirildi.

Lakin, əlbəttə ki, zaman keçdikcə yeni tələblər və çağırışlar mövcud qanunlara yenidən nəzər salmağa və qanunun tətbiqi təcrübəsindən yaranmış boşluqları müəyyən etməyi qarşımızda öhdəlik kimi qoyur. Bu baxımdan da bəzi fikirlərimizi sizinlə bölüşmək istərdik.

Qanunun 2-ci maddəsində əsas anlayışlar verilir. Fikrimizcə, bu anlayışların sırasının artırılmasına ehtiyac vardır. “Gender stereotipləri”, “genderə həssas büdcə”, “gender monitorinqi və ya gender ekspertizası”, “gender statistikası” və “ gender bərabərliyinin təmin edilməsi üçün xüsusi tədbirlər” anlayışlarının Qanuna əlavə olunması bütövlükdə qanunun mahiyyətini müəyyən edir. Və onun əhatə dairəsini genişləndirir.
Azərbaycanda mühüm qanunlar, normativ-hüquqi aktlar qəbul edilir, beynəlxalq konvensiyalar ratifikasiya olunur, lakin bir çox hallarda bu qanunların icra mexanizmi ya mövcud deyil, ya da əsaslı olmur və ya mövcud mexanizm tətbiq edilmir. Cənab Prezidentin dediyi kimi, biz bir çox gözəl qanunlar qəbul edirik, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Və gender bərabərliyinin təmin edilməsi, nəzarətin həyata keçirilməsi məsələsi də çox aktualdır.

Mövcud qanunun 19-cu maddəsində gender bərabərliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qeyd olunur, lakin burada nəzarət mexanizmi yoxdur. Bununla bağlı Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasını təklif edirik. Və əlbəttə ki, icra mexanizmi ilə əlaqədar olaraq, bəzi maddələrin əlavə olunmasına ehtiyac vardır.

Hazırda qadınların bütövlükdə dayanıqlı inkişafa verəcəkləri töhfə inklüzivlik üçün təşəbbüsü ələ alaraq təsirləri sürətləndirmək, mövcud bərabərsizliklərin həlli yollarını tapmaqdır. Davamlı gələcək insan kapitalının inkişafından və onların cinsi, dini, siyasi mənsubiyyətindən, gəlir səviyyəsindən və bərabər imkanlara məhdudiyyətlərdən asılı olmayaraq hər kəs üçün əlçatan olmasından asılıdır”.