BAKI, 3 avqust. TELEQRAF

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Quru Qoşunlarının tabeliyində fəaliyyət göstərən hərbi hissələrdən birində olublar.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.

Hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.