BAKI, 8 may. TELEQRAF

Dərnəgül dayanacağında ilk dövrlərdə illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O qeyd edib ki, 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.

“Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.

Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək”.

Qeyd edək ki, Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.

Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı gücləndiriləcək.