BAKI, 10 mart. TELEQRAF
Beynəlxalq yükdaşımaları ilə məşğul olan 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Ramil Nəbiyevin barəsində qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı üzrə başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, Nəbiyev uzun illər beynəlxalq yükdaşıma ilə məşğul olub, əsasən Rusiya-İran marşrutu üzrə işləyib.
İttihama görə, ötən il avqustun 8-də sifariş əsasında Rusiyaya yük aparmaq məqsədilə İrana yollanıb. İranın Astara şəhərinə gələrək daşınacaq yükü təşkil edən iranlı Mehdi adlı şəxslə telefon əlaqəsi saxlayıb.
Yükün kahı olduğunu öyrəndikdən sonra “Pəyanə” terminalında Mehdi ilə görüşüb, 320 min rubl müqabilində yükü Moskva şəhərinə “Fud-siti” meyvə-tərəvəz bazarına aparılmasına razılaşıb.
Razılığa gəlindikdən sonra yüklər “Mercedes Benz” markalı yük avtomobilinə yüklənilib. Ramil Nəbiyev idarə etdiyi avtomobillə İrandan Azərbaycana, Azərbaycandan isə Rusiyaya getmək üçün yola çıxıb.
Avqustun 15-də yük maşını Astara gömrük postunda saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, kahı yükü kimi maşına yüklənən 34 bağlamanın içərisində külli miqdarda narkotik vasitə qablaşdırılıb. Avtomobilin yükü boşaldılıb və qutular açılıb.
Nəticədə 22 paket kahı yükünün içərisində narkotik vasitə olan 28 kiloqram 560 qram marixuana gömrük yoxlaması zamanı aşkar edilib.
İstintaq orqanı tərəfindən Ramil Nəbiyev barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Nəbiyev ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 8 ildir fərdi qaydada yük daşıma ilə, əsasən də İrandan Rusiyaya və digər ölkələrə yüklərin daşınması ilə məşğuldur: ”Sonuncu dəfə Rusiyaya yük aparmaq məqsədi ilə İrana getdim. Əvvəllər tanımadığım Mehdi adlı İran vətəndaşı mənə Moskva şəhərində yerləşən “Fud siti” meyvə-tərəvəz bazarına kahı yükü aparacağım təqdirdə 320 min rus rbulu ödəyəcəyini dedi.
Yük maşının sahibi Məhəmmədə zəng edib məlumat verdim. O, yükü təyinat üzrə aparmağımı, bunun müqabilində mənə 600 ABŞ dolları verəcəyini dedi”.
Ramil Nəbiyev ifadəsinin davamında bildirib ki, “Pəyanə” terminalında yük maşınına əvvəlcədən qablaşdırılmış formada olan kahı yüklənib. İran gömrüyündə yoxlamadan keçib:
”Həmin gün saat 11:00-da Azərbaycanın gömrük məntəqəsinə daxil olduqdan sonra nəqliyyat vasitəsi rentgen qurğusunda baxışdan keçirildi. Gömrük əməkdaşı qoşquda olan yükdə şübhəli görüntülərin olduğunu deyib yükün yoxlanılacağını bildirdi. Qoşquda olan yükün yoxlanmasına başlanıldı, kahı yerə boşaldıldı. Yoxlama zamanı kahı olan qutularının alt hissəsində sellofana bükülmüş formada kütlələr aşkarlandı. Gömrük əməkdaşı həmin kütlələrin marixuana olmasını dedikdən sonra yekdə narkotik gizlədilidyini bilmişəm.
Narkotikin kimə məxsus olduğunu bilmirəm, yükün sahibini tanımıram. İranda olarkən Mehdi adlı şəxs mənə Rusiyaya keçdikdən sonra yük sahibinin mənimlə telefonla əlaqəsi saxlayacağını demişdi, lakin ad çəkməmişdi”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, yükdaşıyıcı sürücü kimi onun yükü açıb içərisində hansı malın olub-olmamasını yoxlamaq ixtiyarı yoxdur: ”Narkotikdən heç vaxt istifadə etməmişəm, onun əldə edilməsi və daşınmasının cinayət olduğunu bilmirəm. Ona görə də özümü təqsirli hesab etmirəm. Məhkəmədən mənə bəraət verilməsini xahiş edirəm”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nəbiyevin təqsirsizliyi sübuta yetirilib və ona bəraət verilib.