BAKI, 1 sentyabr. TELEQRAF

Bakının Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.

İttiham aktına görə, Ramil Məmmədov soyuq silah hesab edilməyən beysbol çubuğundan istifadə edərək, qisas məqsədilə həyat yoldaşı Lamiyə Məmmədovanı başından zərbələr endirərək öldürüb.

Məhkəmədə Ramil Məmmədov özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, Lamiyə Məmmədova ona söyüş söyüb.

Növbəti məhkəmə prosesi sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin fevralın 8-də baş verib. Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova küt alətlə qətlə yetirilib. Qadın namaz qılarkən öldürülüb.

Qətldə şübhəli bilinən Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

Ramil Məmmədov qətl hadisəsini törədəndən sonra Gürcüstana qaçıb. Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

R. Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə martın 17-də Azərbaycana gətirilib.