BAKI, 6 avqust. TELEQRAF
Suraxanıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda zərərçəkmiş şəxsin hüquqi varisi olan qardaşı şahid qismində ifadə verib:
“Bacım 2009-cu ildə ailə qurub. Natiq bacımı evinə apardığı gündən ona əziyyət verirdi, hətta övladının ondan olmadığı barədə şübhələr irəli sürürdü. Sonradan analizin nəticələri uşağın ondan olduğunu təsdiqlədi. Bacım hər gün zorakılığa məruz qalırdı, lakin qorxusundan bizə heç nə demirdi. Hadisə günü evə qayıdanda bacımın Natiq tərəfindən parkda bıçaqlanaraq öldürüldüyünü eşitdim. Natiq bunu xəyanət iddiası ilə etdiyini söylədi. Dəfələrlə ailədə münaqişə olanda valideynlərimiz gedib danışırdı, amma bacım "uşaqlarımı qoyub necə gəlim" deyərək geri qayıdırdı".
Təqsirləndirilən şəxs hüquqi varisə sual ünvanlayıb: “Sevincin telefonuna gələn mesajı görmüşdünmü?”
Şahid: “Görmüşəm. Bacım votsap işlətmirdi, ona yeni hesab açmışdıq”.
Daha sonra təqsirləndirilən şəxs Natiq Məhərrəmov ifadə verib:
“2009-cu ildə ailə qurmuşam. İki il zabit işlədim, daha sonra usta kimi fəaliyyət göstərirdim. 2013-cü ildən həyat yoldaşımın mənə xəyanət etdiyindən şübhələnirdim, xüsusən dostum Elnurdan. Uşaqlıq dostum idi, evimizə də gəlirdi. Bir dəfə mənə dedi ki, sizdə nə çox ağcaqanad olur. "Bizdə nə vaxt olmusan ki?" - deyə ondan soruşdum, tutulub qaldı. Sağollaşmadan ondan ayrıldım. Bundan sonra münasibətimizdə soyuqluq yarandı. Elnur məndən ən çox harada olduğumu bilmək üçün zəng edirdi. Mənə zəng edib yerimi öyrənir, nə vaxt evə gələcəyimi soruşurdu".
Məhkəmə prosesi oktyabrın 1-nə təxirə salınıb.
İttihama görə, Natiq Məhərrəmov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib. Onunla Suraxanı rayonundakı parka gedib. Evdən götürdüyü mətbəx bıçağı ilə həyat yoldaşına 9 zərbə vuraraq qətlə yetirib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində baş verib. 39 yaşlı Sevinc Məhərrəmova həyat yoldaşı, 35 yaşlı Natiq Məhərrəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.
Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.