BAKI, 31 iyul. TELEQRAF

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə Rabitə və Nəqliyyat Nazirliyindən daxil olan sorğuya cavab elan olunub.

Həmin sənddə İnvest.az, İnvest.com saytlarının domenların kimə məxsus olması müəyyən edilib. Qeyd olunub ki, bəzi məsələlərlə bağlı ekspertizanın təyin olunmasına şərait var.

Nizami Alişan deyib ki, İnvest.az-ın Dəmirçi Plazada olan ofisində pulları Rövşən adlı şəxsə nağd şəkildə verib. Onun sözlərinə görə, ekspertiza aparılsa, bütün hallar aşkar olunacaq.

N.Alişanın vəkili Samir İsayev bildirib ki, Məhkəmə Ekspertiza Mərkəzində bu halların araşdırılması üçün mütəxəssis yoxdur: "Amma bu işləri mükəmməl görən Daxili İşlər Nazirliyinin Kiberdələduzluğa dair Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətində mütəxəssislər var. Lakin bu cinayət işi Daxili İşlər Nazirliyindən gəldiyi üçün ora göndərməyin əhəmiyyəti yoxdur".

Hakim bildirib ki, ekspertizanı Nəqliyyat, Rabitə və Texnologiya Nazirliyi apara bilir: "Vəsatət olsa, məsələyə baxıla bilər".

Daha sonra Nizami Alişan həbsindən əvvəl Babək Məmmədzadə ilə görüşməsindən danışıb. İddia edib ki, həbsini Babək Məmmədzadə təşkil edib.

Hakim xatırladıb ki, zərərçəkmiş Babək Məmmədzadə və digər iki şahid iclasda iştirak etmir. Onlara növbəti dəfə məhkəməyə gəlmələri üçün vaxt verilir. Zərərçəkmiş və şahidlər növbəti dəfə də məhkəmədə iştirak etməsələr, barələrində məcburi gətirilmə qərarı qəbul ediləcək.

İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.