BAKI, 28 iyul. TELEQRAF
Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Zərərçəkən Fuad Zeynalov ifadə vermək istəmədiyini bildirib: "Heç bir sözüm yoxdur. Onları bağışlamışam, şikayətim yoxdur".
Daha sonra Fuad Zeynalovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, Avropa Çempionatında iştirak etmək üçün Yunanistanın Afina şəhərinə gedib. Çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib. İdmançılar arasında mübahisə Afinada başlayıb:
"Azərbaycana qayıdandan sonra bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Ramal Aslanov zəng edərək görüşüb söhbət etməyi təklif etdi. Dostum Anarla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Anarı yerə yıxılan görüb onu səslədim. Ayağa qalxanda Ramal onu arxadan tutub saxladı. Beşbarmaqla Anarın alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Bundan sonra Mərkəzi Nefçilər Xəstəxansına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar".
Zərərçəkən şəxs Anar Süleymanov hər şeyin göz qabağında olduğunu deyib: "Video-görüntülər var. Mənim şikayətim yoxdur, barışıq etmişik".
Növbəti məhkəmə prosesi iyulun 30-na təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
İttihama görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.
Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.