BAKI, 14 iyul. TELEQRAF

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə R. Səfərovun vəkili vəsatət verib. Vəkil deyib ki, müvəkkili Bakı İstintaq Təcridxanasına daxil olan zaman müayinədən keçirilib. Vəkil həmin müayinə sənədlərinin məhkəmə tərəfindən alınması istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, daha sonra sərbəst ifadə verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Natiq İmanquliyevi tanımayıb: "Onu ilk dəfə qarajların yanında görmüşəm. Ondan da 60 min manat almamışam. Həmin vaxt o, məndən pulu istəmək üçün gəlmişdi. Bizim Novxanı qəsəbəsində torpaq sahəsi olub. Valideynlərimlə zərərçəkmişin arasında bu torpağın alqı-satqısı ilə bağlı razılaşma əldə edilib. Amma mənim bundan xəbərim olmayıb. Mən zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmişəm. Onunla heç bir davam və ya mübahisəm olmayıb. Aramızda da 60 min manatın alınması barədə də razılaşma olmayıb".

Hüquq müdafiəçisi əlavə edib ki, o, zərərçəkmiş şəxslə heç vaxt qarşılaşmayıb, onu tanımır.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.