BAKI, 1 iyul. TELEQRAF

Xalq artisti Miri Yusif Teleqraf İnformasiya Agentliyinin suallarını cavanlandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Yusif bəy, 2, 3, 4, 5 və 6 iyul tarixlərində Yaşıl Teatrda keçiriləcək konsertlərinizə hazırlıq necə gedir? Bu dəfə tamaşaçıları hansı yeniliklərlə təəccübləndirməyi düşünürsünüz?

- Musiqiçilərimin müşayiəti ilə tamaşaçılarımızın qarşısına çıxacağıq. Konsertdə yeni mahnılarımız da yer alacaq. Yeni layihəmiz olan "Üzbəüz"ü canlı ifa edəcəyik.

- Yaşıl Teatrdə dəfələrlə konsert proqramı ilə çıxış etmisiniz. Maraqlıdır, bu, sayca neçənci konsertinizdir?

- Dəqiq say demək çətindir. Böyük səhnələrdə təqdim etdiyim solo konsertlərin sayı, zənnimcə, artıq 20-ni ötər. 2013-cü ildən etibarən imkan daxilində hər il yay mövsümündə Yaşıl Teatrda tamaşaçılarla görüşürük. İlk illərdə konsertlərimiz bir gün davam edirdi, sonradan proqram iki günə, son illərdə isə üç günə çatdırdıq.

- Konsertləriniz fərqli və anşlaqla keçməsi ilə seçilir. Bu illər ərzində səhnədə yaşadığınız və yaddaşınızdan heç vaxt silinməyən ən unudulmaz an hansı olub?

- Yaddaqalan və unudulmaz hadisələr çoxdur. Məsələn, ötən il Yaşıl Teatrdakı konsertlərdən birində iki gənc biri-birinə evlilik təklifi etdi. Daha sonra həmin gənclərin toy mərasimində iştirak edərək onları təbrik etmək imkanım oldu. Bu hadisə mənə çox unudulmaz hisslər yaşatdı.

Belə məqamlarda anlayırsan ki, musiqi təkcə sənət deyil, o, insanların həyatındakı ən xoş anların da bir parçasına çevrilə bilir.

- Gələcəkdə fəaliyyətinizi başqa ölkədə davam etdirmək və beynəlxalq musiqi bazarında daha aktiv yer almaq kimi planlarınız varmı?

- Müxtəlif ölkələrdə konsertlərimiz olur. Düzdür, onların sayı Azərbaycandakı qədər çox deyil. Beynəlxalq fəaliyyətimi daha da genişləndirmək istərdim. Amma bu, heç vaxt Azərbaycanı tərk etmək hesabına olmayacaq. Hər hansı ölkəyə köçüb fəaliyyətimə sıfırdan başlamağı düşünmürəm. Mən Azərbaycanı heç vaxt tərk etmərəm.

Türkiyədə, Rusiyada və Mərkəzi Asiya ölkələrində kifayət qədər dinləyicilərim var. Həmin ölkələrdə də məhz Azərbaycan ifaçısı kimi çıxış edir, konsertlər verirəm. Mənim üçün ən böyük qürur Azərbaycanı musiqimlə beynəlxalq səhnələrdə təmsil etməkdir.

- Türkiyədə hər hansı televiziya layihəsində iştirakla bağlı dəvət almısınızmı?

- Dəvətlər almışam, qəbul etməmişəm... Çünki buna ciddi ehtiyac duymamışam. Ümumiyyətlə, televiziyada tez-tez görünməyi sevən sənətçilərdən deyiləm. Mənim üçün əsas olan tamaşaçı ilə musiqi vasitəsilə ünsiyyət qurmaqdır.

- Mahnılarınız illərdir dinləyicilər tərəfindən sevgi ilə qarşılanır. Maraqlıdır, bəs siz öz repertuarınızdan ən çox hansı mahnını sevirsiniz? Ümumiyyətlə, ifaçılar adətən öz mahnılarını dinləmədiklərini deyirlər. Sizdə vəziyyət necədir?

- Öz mahnılarımı dinləyirəm. Əgər şah əsərimi soruşursunuzsa, şəxsən müəllifi olduğum mahnılar arasında "Mən küləyəm", "Xatirə" və daha bir neçə əsər var ki, onlar mənə çox doğmadır. Bu mahnılar həmişə ürəyimdə xüsusi yer tutacaq və yaddaşımdan silinməyəcək.

- Son dövrlərdə süni intellekt texnologiyalarının musiqi sahəsində, xüsusilə milli və bəstəkar mahnılarının ifasında istifadəsi geniş müzakirə olunur. Bu prosesə münasibətiniz necədir?

- Mən buna müsbət yanaşıram. Bu, inkişafdır və inkişafın ayrılmaz bir hissəsidir. Sadəcə, bir narahatlığım var. Qorxuram, gələcək nəsil musiqini qəlbən hiss edərək yaratmaq, özünü axtarmaq və yaradıcılığını formalaşdırmaq əvəzinə, mahnıları və notları yalnız süni intellektin köməyi ilə hazırlamağa üstünlük versin. Məni düşündürən məqam budur.

Amma süni intellekt həyatımızda olsa belə, biz mahnılarımızı yenə də özümüz yazırıq və yaradıcılığımızın əsasını öz hisslərimiz təşkil edir.

-Sizcə, Azərbaycan musiqisinin beynəlxalq arenada daha çox tanınması üçün nələr etmək lazımdır?

- Çox iş görmək lazımdır. Düşünürəm ki, sənətçi ilk növbədə öz ölkəsində tanınan və sevilən simaya çevrilməlidir. Əvvəlcə səni öz xalqın tanımalı, yaradıcılığına dəyər verməlidir. Sonda hər şey bir məqama gəlib dayanır, bu da böyük maliyyə imkanlarıdır...

- Sənətkar kimi özünüzə qarşı ən sərt olduğunuz məqamlar hansılardır?

- Məsuliyyətsizlik məni çox narahat edən xüsusiyyətdir. Mən özümə qarşı kifayət qədər tələbkar insanam.

- Ailənizin Türkiyədə yaşaması və sizin də tez-tez vətənə gəlib-getməyiniz fonunda iki ölkə arasında həyatınızı bölüşmək necə bir hiss idi?

- Sanki göylərdə qalmışdım. Artıq bir ildir onlar da Bakıdadır. Allaha şükür edirəm ki, bu günü də yaşayıb gördüm. Bu müddət mənim üçün çox çətin oldu. Beş il ömrüm yollarda keçdi. Ən əsası isə ailəm üçün çox darıxmışdım.

- Qızınızla birlikdə sosial şəbəkələrdəki paylaşımlarınız izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Bu paylaşımlarda daha çox nəyə diqqət edirsiniz?

- Qızım çəkiliş apararkən mən təsadüfən dəhlizdən keçirdim. O da dedi ki, ata, gəl, belə bir video çəkək. Bu, mənim ideyam deyildi. Maşallah, övladlarım çox kreativdirlər. Həm qızımın, həm də kiçik oğlumun maraqlı ideyaları olur. Ümumiyyətlə, istər həyat yoldaşım Nərgiz xanım, istər qızım, istərsə də oğlum olsun, belə yaradıcı fikirlərin müəllifi onlar özləridir.

- Kiçik oğlunuzun musiqi sənətinə bağlılığını qeyd etdiniz. Gələcəkdə bu sənətdə fəaliyyət göstərməsini istərdinizmi?

- Çox istərdim... Əgər kiçik oğlum gələcəkdə musiqi sahəsini seçsə, ona dəstək olmağa hazıram. Daim onun yanında olar, bacardığım bütün dəstəyi göstərərəm.

- Gələcək planlarınız nədən ibarətdir?

- Ən yaxın gələcək planımı açıqlayım: konsertdən sonra ailəmlə Azərbaycanımızın müxtəlif bölgələrinə istirahətə getmək...