BAKI, 7 aprel. TELEQRAF
"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayı keçiriləcək".
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.
O bildirib ki, qurultay Rasim Balayevin 40 mərasimindən sonraya nəzərdə tutulur.
“Adamın nəşi ortada idi, bəziləri vəzifə bölgüsü edirdi" - Əbdül Mahmudov öz narazılığını ifadə edib.
Xalq artisti bildirib ki, 40 mərasimindən sonra İdarə Heyəti çağırılacaq: "Qurultayın 200-dən çox üzvü var, səsvermə ilə sədr seçiləcək. Mən başa düşə bilmirəm, Baba Vəziroğlu ilə Şəfiqə Məmmədovanın kinostudiyaya nə aidiyyəti var. Onlar kino adamı deyillər. Şəfiqə Məmmədovanın 81 yaşı var. Sağ olsun, bu sahədə müəyyən xidmətləri olub. Amma 81 yaşlı qadının Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmək üçün nə marağı ola bilər?Əsl peşəkar insanlar kənarda qalıblar. Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqından əl çəkməlidir”, - Xalq artisti əlavə edib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da İstanbul Memorial Xəstəxanasında vəfat edib.