BAKI, 26 dekabr. TELEQRAF

"Azərbaycan sənət həftəsi" çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konsert proqramı təşkil edilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirilən layihələrdən söz açıb, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.

Ankara Özəl Yüce Məktəblərinin direktor müavini Ece Ersin Türkiyə ilə Azərbaycan arasındakı dərin köklü qardaşlığın təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıqla daha da gücləndiyini bildirib.

Proqram çərçivəsində səhnələşdirilən bədii çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və gənc müğənni Uğur Məmmədov Azərbaycan xalq mahnılarını ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin "Zəngəzur" Azərbaycan Xalq Rəqs Ansamblı da milli rəqslərlə səhnəyə çıxıb.

Konsert proqramında iki ölkənin tarixi dostluğuna dair musiqilər ifa edilib.