BAKI, 14 oktyabr. TELEQRAF

"Türkmənistan Mədəniyyət Günləri çərçivəsində Azərbaycana gəldik.
Qardaş Azərbaycan xalqı bizi səmimiyyətlə, isti münasibətlə qarşıladı
".

Bunu Teleqraf-a türkmənistanlı müğənni
Maya Orazberdiyeva deyib.

"Bu tədbirlər çərçivəsində mədəniyyətimizin, musiqimizin, milli rəqslərimizin təqdim olunması və bu təqdimatların belə yüksək maraqla qarşılanması bizi son dərəcə sevindirdi. Xüsusilə, qeyd etmək istərdim ki, Heydər Əliyev Mərkəzində baş tutan konsert proqramımız unudulmaz anlarla yadda qaldı. Konsert zamanı ifa etdiyimiz mahnılar və təqdim etdiyimiz milli rəqslər Azərbaycan tamaşaçıları tərəfindən alqışlarla qarşılandı. Azərbaycan xalqının musiqi və mədəniyyətə olan böyük sevgisi bizi çox təsirləndirdi. Bu, eyni zamanda ölkələrimiz arasındakı ortaq dəyərlərin, qardaşlığın və mədəni bağların nə qədər dərin olduğunu bir daha nümayiş etdirdi.

Biz inanırıq ki, bu kimi mədəni tədbirlər ölkələrimiz arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcək. Gələcəkdə də bu cür layihələrin davamlı olmasını və daha geniş miqyasda həyata keçirilməsini arzulayırıq.

Bu münasibətlə, Azərbaycan və Türkmənistan dövlətlərinin başçılarına belə dəyərli təşəbbüslərə verdikləri dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Var olsun Türkmənistan! Var olsun Azərbaycan!",-deyə müğənni əlavə edib.
O, qeyd edib ki, Azərbaycanın zəngin və çoxşaxəli mədəniyyəti var: "Biz Azərbaycan musiqisini böyük maraqla dinləyirik. Türkmənistan prezidenti Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın mahnılarını dinləyir. Gülyanaq xanımla şəxsi tanışlığımız da var və bir sıra tədbirlərdə Türkmənistana gələndə birgə layihələrdə iştirak etmişik. Bu əməkdaşlıqlar bizim üçün həm peşəkar, həm də mədəni baxımdan çox önəmlidir.

Qeyd etmək istərdim ki, Azərbaycan musiqisi Türkmənistanda da sevilərək dinlənilir. Biz müxtəlif tədbirlərdə, konsert proqramlarında, eləcə də toy və mərasimlərdə Azərbaycan bəstəkarlarının əsərlərini böyük məmnuniyyətlə ifa edirik. Bu, sadəcə musiqi deyil, bu, xalqlarımız arasında mədəni bağların yaşaması və gələcək nəsillərə ötürülməsi deməkdir.
Sonda bir daha bildirmək istərdim ki, belə dəyərli tədbirlər xalqlarımız arasında mədəni körpülərin möhkəmlənməsində əvəzsiz rol oynayır. Ümid edirik ki, bu əməkdaşlıq davamlı olacaq".