BAKI, 30 sentyabr. TELEQRAF

Cabirlə 49 il gözəl bir həyat yaşadıq, ilk növbədə uca Allaha həmd olsun ki, mənə və ailəmə bunu nəsib elədi.

Teleqraf xəbər verir ki, bunu əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovla vida mərasimində deyib.

"O, çox dəyərli bir ömür yaşadı, zəngin, qayğısız, Şuşalı, Şuşasız və yenidən Şuşalı günlərimizin şahidi oldu.

Bu dövlətə və dövlətçiliyə xidmət etmək onun üçün şərəf idi. Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də, uca Allah kimi ucaltsa ona heç kim mane ola bilməz. O, nümunəvi bir ata, övlad və insan idi. Mən ondan iki yaş böyüyəm, amma ondan çox şey öyrəndim.

Onun üçün həyatın mənası yalnız Şuşa idi. Yenə də şükürlər olsun! Eşq olsun bizi Qarabağa gətirən İlham Əliyevə! Həmin gün (29 sentyabr 2020-ci il - red.) Cabir özünə yer tapa bilmədi və mənə dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Getdi, amma dövlətimiz ona dedi ki, sənin hələ vaxtın deyil. Mən isə gizlicə yollandım. Bilirdim ki, nə olursa-olsun, Cabir ailəmə baxacaq.

Şuşa azad edildikdən sonra böyük bir tədbirin təşkili Cabirə həvalə olundu. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan konsert onun rəhbərliyi ilə keçirildi.

Mən qardaşdan yetim qaldım. Haqqınızı halal edin", - T.İmanov əlavə edib.

Xalq artisti Murad Dadaşov Cabir İmanovun vəfatının çox ağır itki olduğunu bildirib: "Heç kim bu günü yaşamaq istəməz. Ən dəhşətli günümüzdür. Yuxumuzda belə bu günü təsəvvür edə bilməzdik. Kaş ki dünən, bu gün yaşananlar həyatımızdan silinəydi".