BAKI, 19 avqust. TELEQRAF

Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsi hələ də hazır deyil.

Bu barədə Teleqraf-a açıqlamasında Ənvər Həsənovun qızı Aytən Həsənova bildirib.

Onun sözlərinə görə, abidənin hazırlanmaması maliyyə problemi ilə əlaqədardır: "Mədəniyyət Nazirliyi bildirdi ki, maliyyə baxımından buna gücü çatmır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev 700 manat göndərdi. Bu məbləğ kifayət etmədi. Gözləyirəm ki, bu pulun qalanını necə əldə edəcəyəm".

Aytən Həsənova deyib ki, qəbirüstü abidə üçün üç min manat lazımdır, özünün isə buna imkanı yoxdur: "İşləmirəm, səhhətimdə problemlər var. Oğlum Murad yalnız evin xərclərini qarşılayır. İlk gündən Kinostudiyaya, Mədəniyyət Nazirliyinə və atamın dostlarına müraciət etdim ki, mənə kömək eləsinlər, ən azından atamın hörməti üçün. Amma heç kimdən kömək gəlmədi".

Xalq artistinin qızı bildirib ki, mərhum atasının sənət dostlarından yalnız Ötkəm İsgəndərov, Cəmil Quliyev tez-tez zəng edir: "Başqa heç kim. Atamın yaxın dostları indi yanımızda deyil".

Aytən Həsənova avqustun 17-də Ənvər Həsənovun doğum günündə onun qəbrini ziyarətə edə bilmədiyini söyləyib: "İnanın, utandığımdan qəbrini ziyarət edə bilmədim, çünki qəbirüstünü düzəldə bilməmişəm".

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Ənvər Həsənov bu il martın 16-da uzun sürən xəstəlikdən vəfat edib.

O, Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.