BAKI, 12 avqust. TELEQRAF
"Camaat məni 28 ildir tanıyır. Əgər günahım olsaydı, kişi kimi çıxardım, deyərdim ki, bu məsələdə günahım var. Oturub cəzamı gözləyərdim".
Bu sözləri Teleqraf-a teleaparıcı Aytən Səfərovanın yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində cinayət işi başlanıldığı və istintaq getdiyi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, yayılan məlumatları təkzib edib: "İddiaların heç biri doğru deyil. Yeganə həqiqət odur ki, sürücülük vəsiqəmin müddəti bir həftədən çox idi bitmişdi. İndi kim sürücüdürsə, bilir ki, həmin həftə çox gərgin keçmişdi. Çünki COP29 hazırlıqları olan həftə idi".
Qeyd edək ki, bu haqda ilk məlumatı Gununsesi.info yayıb.
Məlumata görə, ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə "Hyundai İX-35" markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnib.
Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm "Hyundai İX-35"in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub. Aytən Səfərova barədə ekspertiza rəy verib ki, onun da hərəkətində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb.
Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıb. İstintaqın sonunda "Hyundai İX-35"in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib. Aytən Səfərova haqqında da Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb.