BAKI, 24 iyul. TELEQRAF
Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq muğam ustasının müalicə olunduğu Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumata görə, Xalq artisti bir müddət əvvəl Bakıda ağır pnevmoniya keçirib.
"Səhv müalicə alıb, vəziyyəti gərginləşib. Pnevmoniyanın qalıqları var. Hazırda tənəffüs pozğunluğu müşahidə olunur, saturasiyası və təzyiqi aşağıdır. Oksigen aparatına qoşulub, müalicə olunur, vəziyyəti olduqca ağırdır", - Qax xəstəxanadından qeyd olunub.
Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
***
14:54
Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bu haqda Teleqraf-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
O, atasının səhhəti ağır olduğunu bildirib: "Bir həftədir ki, Qax rayonuna istirahətə gəlmişdik. Ötən gün vəziyyəti pisləşdi və xəstəxanaya yerləşdirildi. Hazırda səhhətinin stabilləşməsini gözləyirik. Təcili Tibbi Yardım maşını ilə Yeni Klinikaya aparılacaq".
Qeyd edək ki, bir müddət əvvəl də səhhəti ağırlaşan Arif Babayev Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.