BAKI, 9 iyul. TELEQRAF
Məşhur müğənni Nura Suri "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qadın anlayışı sizin üçün nə ifadə edir? Sizcə, müasir dövrün qadınları öz sosial və mənəvi missiyalarını yetərincə yerinə yetirə bilirlərmi?
- Qadın mənim üçün yaradandır. O, bətnində bir insanı yetişdirir və onun formalaşmasında böyük rol oynayır. Bəzən deyirlər ki, qadınları anlamaq çətindir. Bu da təbiidir, çünki qadınları həm hormonları, həm də hissləri idarə edir. Kişilər isə qərar verərkən daha çox ağılla, məntiqlə hərəkət edirlər. Qadınlar da ağılla hərəkət edirlər, ancaq çox zaman hisslərinə güvənərək qərar verirlər. Məhz bu xüsusiyyətlər kişi və qadınları bir-birindən fərqləndirir.
Lakin missiya baxımından, yəni həyatda daşıdıqları məqsəd və dəyər baxımından kişi ilə qadın arasında fərq görmürəm. Əsas məsələ yaxşı insan olmağı bacarmaq, vicdanlı yaşamaq və başqalarına yaxşılıq edə bilməkdir. Kiminsə hansı sahədə çalışmasının və hansı cinsə mənsub olmasının önəmi yoxdur. Əsas odur ki, işini vicdanla və məsuliyyətlə görsün.
- Müasir cəmiyyətdə qadının sosial, ictimai və ailədaxili rolu barədə fikirləriniz nədir? Onun cəmiyyətdəki mövqeyini necə qiymətləndirirsiniz?
- Keçmiş zamanlarda kişilər daha çox döyüşə gedir, vətəni qoruyur, müharibələrə qatılırdılar. Qadınların rolu isə fərqli idi, ailəyə, uşaqlara qayğı göstərmək, ev işləri ilə məşğul olmaq kimi. Amma hazırda, təkcə bizim cəmiyyətdə deyil, bütün dünyada qadınlar öz ayaqları üzərində durmağı, müstəqil qərarlar verməyi bacarırlar. Onlar istənilən sahədə uğurla fəaliyyət göstərə bilirlər. Ümumiyyətlə, bu gün qadınların rolu kişilərlə bərabərdir. Qadın həm anadır, həm də çalışır, işləyir, təhsil alır və bir çox uğurlara imza atır. Qadın güclüdür.
- Qadın kimi özünüzü daxili güc və iradə baxımından güclü hesab edirsinizmi?
- Bəli, özümü güclü hesab edirəm. Məncə, güclü insan o demək deyil ki, "mən belə düşünürəmsə, deməli doğrudur". Hər kəsin öz doğrusu, həyata öz baxış bucağı var. Kiminsə fikrincə, məqsədinə çatmaq üçün başqalarını tapdalamaq, onların üzərindən keçmək və mərhəmətsiz davranmaq normal ola bilər. Çünki həmin insanın məqsədi var və onun üçün başqa heç nə önəmli deyil. Amma məndə bu bir qədər fərqlidir. Mən çalışıram ki, insanlığımı itirmədən, öz mövqeyimi, mənliyimi qoruyaraq istəklərimə nail olum. Mənim istəklərim əsasən övladlarımla bağlıdır. Analıq missiyam mənim üçün hər şeydən üstündür. Heç vaxt karyeramı ön plana çəkməmişəm. Bütün arzularım övladlarımın savadlı, uğurlu olmaları ilə bağlıdır. Onların hər bir uğuru mənim öz uğurum kimi dəyərlidir. Mən onları dünyaya gətirmişəmsə, bu həyatı onlara bəxş etmişəmsə, bu daşıdığım məsuliyyəti dərin şəkildə dərk edərək yaşayıram. Mən hərdən reenkaryasiya inanıram, əgər başqa bir həyatım olacaqsa, bu həyatdan o həyata günahlar və səhvlər aparmaq istəmirəm. Gecə yatanda vicdan rahatlığı ilə yatmaq istəyirəm. Mənim üçün ən önəmlisi özümlə harmoniya içində olmaq və bacardığım qədər yaxşı insan qalmaqdır. Mənim üçün yaxşı insan olmaq prioritetdir.

- Bu mövqeyi cəmiyyətdə gerçəkləşdirmək baxımından hansı çətinliklərlə qarşılaşırsınız və nə dərəcədə buna nail ola bilirsiniz?
- Mən buna çox enerji və vaxt sərf edirəm. Hətta mənə qarşı pislik edən insanlara belə pislik etməyə çalışmıram. İçimdə belə bir hiss var: başqalarında bəyənmədiyim heç bir şeyi özüm etməyə cəhd etmirəm. Bilirəm ki, hər bir insanın daxilində hər cür hiss olur, amma burada əsas məsələ qarşındakı insanın səndə hansı hissləri oyadır. Hər nə olursa olsun, özümü itirməməyə, insanlığımı, təmkinimi qorumağa çalışıram.
Başqalarında sevmədiyim davranışları etməməyə çalışıram. Yaxşı insan qalmaq üçün bu mənim daxili seçimimdir. Heç kim bunu görsün, desin deyə etmirəm. Mənə yaxşı, ya pis demələri vacib deyil. Əsas məsələ öz vicdanımla barışıqda olmaqdır. Mən bilirəm ki, necə biriyəm, nə düşünürəm, necə hərəkət edirəm. Buna görə də düşünürəm ki, yaxşı insan qalmaq bu dövrdə nadir və dəyərli bir haldır. Bəziləri məqsədlərinə başqalarını əzərək, üstünlük göstərərək çatırlar. Ola bilər, bu onlar üçün doğrudur. Onlar belə yaşamağa öyrəşiblər və bu, onlara rahatdır. Amma mən belə yaşamaq istəmirəm.
- İstəyərdim ki, bir az da kitablardan danışaq. Dünya ədəbiyyatının ən parlaq qadın obrazlarından biri Teodor Drayzerin yaratdığı Kerri bacıdır. Bu obraz hələ də mübahisələndirilir. Sizin "Kerri bacı" əsərinə münasibətiniz necədir?
- Bu əsəri oxuyanda uşaq idim və Teodor Drayzerin “Kerri bacı” əsəri mənə çox pis təsir etmişdi. Sonradan bu əsəri bir daha oxumamışam. Mən bir insanın digərinin uğuru üçün öz həyatını məhv etməsini, fədakarlığını qəbul edə bilməmişdim. Dəqiq xatırlamıram, amma kitabı oxuyanda 14-15 yaşım olardı. O vaxt bu əsər məndə dərin iz buraxmışdı. Fikirləşirdim ki, niyə bir insan bu qədər nankor ola bilər? Bir insanın onun uğrunda məhv etməsini belə başa düşmüşdüm. Kitab mənə çox pis təsir etmişdi. Düşünmüşdüm ki, niyə insanlar bu qədər naşükürlük edirlər?
- "Hakimiyyətin 48 qanunu" kitabı sizin həyatınıza və qərarlarınıza nə dərəcədə təsir edib?
- Təbii ki, bu yaşdan sonra xarakterimi dəyişə bilmərəm. Bu kitabı yaxın günlərdə oxumuşam.
Kitabı oxuyub insan özünü başqalarından qorumağı öyrənir. Kitabı oxuduqdan sonra ətrafımda elə insanların olduğunu dərk etdim ki, baş verən hadisələri daha yaxşı anlamağa başladım. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, bir çox insan öz maraqlarını başqalarının maraqlarından üstün tutur. Hətta məqsədlərinə çatmaq üçün digərlərini əzməkdən belə çəkinmirlər. Bu kitab bir daha mənə sübut etdi ki, bu həyatda yaxşı insan olmaq yalnız öz vicdanınla rahat yaşamaq anlamına gəlir.
Amma bunun mənfi tərəfləri də az deyil. Mənim empatiya hissim güclüdür. Başqalarının dərdinə şərik ola bilirəm. Küçədə bir heyvan görəndə avtomobili saxlayıb ona yem və ya su verirəm.
Bütün canlıları düşünürsən, bu insana uğur qazanmağa, bəlkə də daha rahat yaşamağa mane olur. Yeganə üstünlük budur ki, vicdanla yaşayırsan. Özün-özünə hesabat verəndə fikirləşmirsən ki, mən filan işi görmək üçün filankəsə pislik etdim. Mənim üçün bu əsas prioritetdir. Kitabda qeyd edilir ki, öz maraqlarını başqalarının maraqlarından üstün tutmalısan.
- İntellektual səviyyənizin formalaşmasında daha çox hansı amil rol oynayıb, çoxlu kitab oxumaq, yoxsa genetik meyillilik?
- Mən özümə “intellektualam” deməzdim. Amma dəfələrlə müsahibələrimdə demişəm ki, bizdə müğənnilərə qarşı bir aqressiya var. Deyirlər ki, bir çox müğənnilər danışığını bilmirlər. Mən isə düşünürəm ki, bu onların günahı deyil, doğulduqları ailənin, mühitin nəticəsidir. Ola bilsin elə bir ailədə çətinliklərlə böyüyüblər ki, kitab oxumaq, təhsil almaq imkanı olmayıb. Belə bir halda fərdi günahlandırmaq doğru deyil. Mən elə bir ailədə böyümüşəm ki, evimizdə bir otaq dolusu kitabxana vardı. Elə kitab yox idi ki, dayımın kitabxanasında olmasın. “Русское словообразование” kitabının müəllifi, professor Rasim Mirzəyev dayım olub. Bizim ailədə hər zaman kitab önəmli yer tutub. Gözümü açandan kitab görmüşəm. Ona görə də kitab oxumağım normal hal kimi formalaşıb. Amma kiminsə kitab oxumamasına və danışıq qabiliyyətinə görə onu günahlandırmaq düzgün deyil. Bu, onun hansı mühitdə, hansı ailədə doğulması ilə bağlı bir məsələdir. Mən həmişə insanları qınamaqdan çəkinirəm. Cəmiyyətdə ümumi problemləri işıqlandırmağı vacib saysam da, konkret fərdləri günahlandırmaqdan uzağam. İnsanların travmaları, hormonları, kompleksləri və ya yaşadığı çətinliklər müəyyən neqativ davranışlara səbəb ola bilər. Ona görə də hər zaman insanları başa düşməyə çalışıram. Amma özüm-özümə “intellektualam” deməyim düzgün olmaz. Sadəcə onu deyə bilərəm ki, kitab oxumağı çox sevirəm. Çünki beynim uşaq yaşlarımdan fərqli işləyirdi. Mən bir az fərqli uşaq idim. Məktəbdə kitabxanadan çıxmazdım, evdə isə bəzən yaşıma uyğun olmayan kitablar oxuyurdum. Bəzən mənasını tam başa düşmürdüm. Amma içimdə bir hiss vardı, mütləq kitab oxumalı idim. Sanki o kitabların içində olmaq, oradakı həyatları yaşamaq, başqa insanların gözü ilə dünyaya baxmaq istəyirdim. Bu insanın dünyagörüşünü genişləndirir. Hər bir yazıçının dünyaya öz baxışı var və sən onların baxış bucağından baxanda dünya sənə tamamilə fərqli görünür. Dünyanı dərk etməyə başlayırsan. Düzdür, bu oxuduqlarım birbaşa mənim sahəmə lazım deyil. Bəlkə də zamanımı kitab oxumaqdan çox musiqiyə həsr etsəydim, bəlkə də bu gün daha böyük uğurlar əldə edərdim. Amma mənim üçün özüm-özümlə harmoniya vacibdir. Beynimi inkişaf etdirmək, nələrisə anlamağa çalışmaq mənə zövq verir. Bu, sahədən asılı deyil. Məsələn, mən həkimə gedəndə o mənə dərman yazırsa, sadəcə qəbul etmirəm, mütləq soruşuram, araşdırıram ki, bu dərman nə üçündür. Hətta bəzən içimdə hansısa hadisəyə qarşı mənfi hiss, qəzəb və ya nifrət yarananda belə bu emosiyanın haradan qaynaqlandığını anlamağa çalışıram. Bəlkə bu hiss uşaq vaxtı keçirdiyim hansısa travmadan qaynaqlanıb? Bu mənim yanaşmamdır. Təbii ki, hər kəs belə düşünməlidir demirəm. Sadəcə, mən dünyaya və insanlara bir az fərqli baxıram.

- Sizin kimi analitik və düşüncəli insanlar adətən fərqli sahələrə üz tuturlar. Bəs siz niyə məhz musiqini seçdiniz?
- Əslində, mən hüquq fakültəsini seçmişdim. Amma erkən yaşda - 18 yaşımda ailə qurduğum üçün təhsildən uzaqlaşdım. Sonradan müxtəlif biznes təlimləri keçdim, psixologiya üzrə seminar və kurslarda iştirak etdim. Əslində, vəkil olmaq və xüsusilə insan və qadın hüquqlarını qorumaq istəyirdim. Amma 19 yaşımda ana oldum və bu, mənim üçün ən vacib və ən yaxşı bacardığım missiyaya çevrildi. Mənim üçün əsas prioritet ana olmaqdır. Övladlarım üçün yaşayıram. Onların həyatı, yaşadıqları hər bir hiss mənə təsir edir. Onların uğuru mənim uğurumdur, sevinci mənim sevincimdir. Eyni zamanda, musiqi də mənim həyatımda uşaq yaşlarımdan olub. Uşaq xoruna gedirdim, pianino dərsləri alırdım. Gözümü açandan evimizdə fortepiano görmüşəm. Ailəmizdə anam da daxil olmaqla, demək olar ki, hər kəs fortepianoda ifa edə bilirdi. Musiqi bizim ailədə hər zaman vardı. Ona görə də bu sahə mənim daxilimdə uşaqlıqdan mövcud idi.
Mən həmişə demişəm ki, musiqi sahəsi bir növ hobbidir. Məsələn, Emin Ağalarov həm biznesmendir, həm də müğənnidir. Musiqi sahəsində qazanc üçün deyil, sevdiyi və həyatının bir parçası olduğu üçün fəaliyyət göstərir. Amma mən həm valideyn, həm də hüquqşünas kimi çalışım, bu mümkün deyildi. Çünki çatdıra bilməzdim.
- Necə düşünürsünüz bu sahədə məşğul olsaydınız, məşhur hüquqşünas ola bilərdinizmi? Tez ailə qurduğunuza görə peşmansınızmı?
- Qadın olaraq hüquqşünas olmaq və bəzi problemlərlə üz-üzə qalmaq necə olardı, bilmirəm. Ana olaraq bu çətinlikləri yaşamaq mənim üçün asan olardımı, deyə bilmərəm. Mən uşaqlıqdan həmişə haqq-ədalət tərəfdarı olmuşam. Zəiflərin yanında olurdum, niyə belə olduğunu özüm də bilmirəm. Bu, bəlkə də bir sindromdur -insanlara lazım olub-olmamasından asılı olmayaraq kömək etmək istəyi, onları xilas etmək arzusu. Necə ki, su axar, yolunu tapar. Bəlkə də insanlar da məhz maraq duyduqları, meyilli olduqları sahələrə yönəlirlər. İnsan şüuraltı olaraq olmaq istədiyi yerə can atır. Görünür ki, mənim musiqi sahəsinə həvəsim hüquqşünas olmaq arzusundan daha üstün imiş.
- Ən son hansı kitabı oxumusunuz? Müasir Azərbaycan ədəbiyyatından gənc və yaşlı nəslin nümayəndələrindən kimləri oxuyub bəyənirsiniz? Hansı fikirləriniz var?
- Düzünü deyim ki, müasir Azərbaycan yazıçılarını demək olar ki, tanımıram. Bilmirəm, bu onların təbliğatı ilə bağlı problemdirmi?! Mən daha çox dünya ədəbiyyatına üstünlük vermişəm. Ona görə də yazıçılarımız haqqında fikir bildirmək nə dərəcədə düzgün olar bilmirəm.
- Sənətçinin ictimai mövqeyi olmalıdırmı?
- Bəli, hər bir vətəndaşın ictimai mövqeyi olmalıdır, nəinki yalnız sənətçinin.
- Müsahibələrinizin birində "Deputat olsam, irəli sürəcəyim fikirlərdən biri odur ki, mağazada içki satılmasın" fikrini bildirmisiniz. Bu fikrinizdə qalırsınız?
- Bəli, bu fikrimdə qalıram. İçki insanda aqressiya yaradır. Mən ailə qurduğum illərdə Birləşmiş Ərəb Əmirliklərində yaşamışam. Orada mağazalarda içki satılmırdı. Bunun üçün hansısa məkan var idi. Mən içkini sevmirəm. Yarım qədəh belə içsəm, özümü sevmirəm. Xarakterimin dəyişdiyini hiss edirəm.
Mənim belə bir xüsusiyyətim var: beynim hər zaman məni kontrolda saxlayır. Ona görə də kontroldan çıxmağı sevmirəm. İçki insanı nəzarətdən çıxarır, aqressiv edir və lazımsız sözlər söylədə bilir. Bu mənim şəxsi fikrimdir.
- Gözəl qadın olmağınız cəmiyyətdə hansı çətinliklərə səbəb olur?
- Açığı, özümü gözəl hesab etmirəm. Gözəl görünmək üçün xeyli əziyyət çəkirəm, idman, qidama diqqət, özünəqulluq, prosedurları. Təəssüf ki, müasir dövrdə bu çox önəmlidir. Onu deyə bilərəm ki, gözəl qadın olmaq yaxşı hal deyil. Oxumuşdum ki, “İnsana hər şeyi bağışlayarlar, bircə gözəllikdən başqa". Gözəl kişi və gözəl qadın idaha çox diqqət cəlb edir və buna görə də daha çox paxıllıqla, qısqanclıqla qarşılaşırlar. Onlar daha çox satqınlığa məruz qalırlar. Dünyaya da nəzər salsaq görərik ki, gözəl qadınlar çox problem yaşayırlar. Amma bəzən sadə görünən qadınlar daha xoşbəxt və uğurlu ailə həyatı yaşayırlar. Gözəl qadınların yaşadığı problemləri də yaşamırlar. Amma mən özümü gözəl hesab etmirəm.

- Oğlunuz Davud məzun olub. Təbrik edirik. Təhsili üçün Amerikaya gedəcəkmi? Siz də onunla gedəcəksiniz, yoxsa Bakıda fəaliyyətinizi davam etdirəcəksiniz?
- İki oğlum Amerikada yaşayır. Bu il məktəbi bitirən övladımı da göndərmək istəyirdik. Amma bu il göndərmədik. Bu haqda düşünəndə təşvişə düşürəm. Azərbaycanda bir illik peşə məktəbinə qoyduq ki, universitetə tam hazır olsun. Ondan sonra qərar verəcəyik. İngilis dili üzrə təhsil almaq üçün Azərbaycanda seçim azdır. Ən yaxşı universitetlərdən biri ADA Universitetidir. Hərtərəflidir. Amma orada da fakültə baxımından seçim azdır və istədiyin fakültəni seçə bilmirsən. Ona görə məcburuq ki, oğlum xarici ölkədə təhsil alsın. Bu da məni qorxudur. Çünki iki oğlumu xaricə göndərəndə dünyada bu qədər gərgin hadisələr baş vermirdi. İndiki halda isə narahatlıq keçirirəm.
- Son zamanlar yaradıcılığınızda əvvəlki kimi iddialı deyilsiniz. Bu nə ilə bağlıdır? Artıq şou-biznes sahəsinə maraq azalıbmı?
- Elə deməzdim, keçən ay da klip təqdim etmişdim, "Bir təsəlli" adlı dueti. Məndə bir dövr olur ki, həm maddi, həm də ruh halı baxımından imkanım nəyə çatırsa, onu edirəm. Elə bilirsiniz ki, mahnı alıb klip çəkdirmək çox asandır?! Xeyr! Bildiyiniz kimi, övladım bu il məktəbi bitirdi, onun hazırlıqları, təhsili və digər məsələlər var. Özəl peşə məktəbində oxuyur və illik təhsil haqqı 10 min dollara yaxındır. Mən bu məsələləri həll etməliyəm. Ona görə də hər gün bir mahnı alım, klip çəkdirim mənim buna imkanım yoxdur. Yalandan başqaları kimi deyə bilmərəm ki, ay, mənim bu qədər pulum var. Məndə elə xasiyyət yoxdur. Əgər imkanım varsa, edirəm. Yoxdursa, etmərəm. Və səmimi deyim ki, çəkdiyim əziyyətə də heyfim gəlir.
Məsələn, bir müğənninin statusunu gördüm, xanım çox əziyyət çəkib, səviyyəli işlər təqdim edir, amma onun baxış sayı bəziləri ilə müqayisədə azdır. Mən Azərbaycan musiqisinə vurğunam. O qədər peşəkar bəstəkarlarımız var ki! Millət olaraq sayca az olsaq da, bu qədər istedadlı insanlarımızın olması qürurvericidir. Musiqimiz çox zəngindir, dahi bəstəkarlarımız var. Amma musiqimizin bu günkü vəziyyəti özümü də çox məyus edir. Mən elə mahnılar oxuyub gündəmə gəlmək istəmirəm. Mahnının sözlərinə önəm verirəm. Bilirsiniz, indiki "TikTok" dövründə daha çox mənasız, ritmə uyğun söz yığımları ifa edirlər və trend olur. İnsanlar da deyir ki, bu mahnı trenddədir, gəlin, bu müğənnini məclisimizə dəvət edək. Bu yanaşma mənə çox yaddır. Mən düşünərək hərəkət edirəm. Əziyyətlə qazandığım pulu öz zövqümə uyğun mahnı al, klip çəkdir və bu sevilməsin. Bu, mənim üçün boşa xərclənmiş pul olar. Onsuz da məni məclisinə dəvət edənlər məni sevən və dəyər verən insandır. Başqasını dinləyənlər də onlara dəyər verən insanlardır. Mən onların zövqünə uyğun mahnı oxusam belə, məni sevməyəcəklər. Mənim dinləyicim özümə yetərlidir, daha çoxuna ehtiyacım yoxdur. Mənim elə bir iddiam yoxdur ki, hər kəs tərəfindən sevilməliyəm. Kompleksim də yoxdur. Ümumiyyətlə, xarakterim belədir - əgər hər kəs məni sevsə, deməli, mən ikiüzlü insanam. Çünki bir insanın hər kəsi razı salması mümkün deyil.
- Hazırkı musiqi sizin üçün nədir, zövq verir, yoxsa zövqsüzləşdirir?
- Zövqsüzləşdirir. Zövq formalaşdırmaq üçün istər musiqi, istər geyim olsun, bu insanın zövqünü formalaşdırır. Bu sahədə təbliğat olmalıdır. Əvvəllər filmlərdə təbliğat daha çox aparılırdı. Necə ki, bunu türklər edirlər. Öz seriallarında öz mətbəxlərini, geyimlərini, musiqilərini çox zövqlü şəkildə təbliğ edirlər. "Aşk-ı Memnu" serialındakı geyimlər zövq formalaşdırırdı. Bizim hansı seriallarımızda bu var?! Yoxdur. Bizim hansı seriallımızda Azərbaycan mədəniyyəti düzgün təqdim olunur, istər mətbəximiz, musiqimiz, geyimimiz və istər də tariximiz?
Efirdə nə təqdim olunursa, bu zövq formalaşdırır. Efirdə sıradan mahnılar, zövqsüzlük, vurğuları düzgün vurmayan aparıcıları və sair görərək cəmiyyətdə zövqü formalaşdıra bilərsiniz?! Xeyr. "TikTok" platformasını efirə gətirirlər. Artıq zövqü formalaşdırmaq mümkünsüzləşib. Türklər tarix, musiqi və mətbəxlərini təbliğ edirlər. Biz niyə bunu edə bilmirik, bilmirəm. Hətta, “Dərzi” serialında Şövkət Ələkbərovanın musiqisinin təbliğatını müəllif hüquqlarını bəhanə edilərək qarşısını aldılar. "Netflex" platformasında yayımlanan serialda Azərbaycan musiqisinin səslənməsi puldan önəmli idi. Amma pul xatirinə hansısa musiqi şirkəti şikayət edib bağlatdırdı ki, pul alsın. Bunu etmək düzgün deyil. Bizim musiqimizin təbliğatı idi.
- Qadın kimi özünüzü xoşbəxt hesab edirsinizmi?
- Bəli, xoşbəxtəm! Özüm-özümün ağasıyam, istədiyim addımı atıram, istədiyim kimi danışıram, geyinirəm. Heç kim mənə təsir etmir, göstəriş vermir. Başqa insanların fikri, mənim hansı addım atacağımı bilmir. "Kim nə deyər" fikri ilə yaşamıram. Bu gün öz ayaqlarımın üzərində dayana bilirəmsə, deməli, mən xoşbəxt qadınam.
- Şəxsi həyatınızla bağlı gələcək planlarınızda yenidən ailə qurmaq kimi bir düşüncəniz varmı?
- Bilmirəm... Arada bu haqda düşünürəm. Əslində, ailə qurmaq yaxşı olardı. Amma mənim üçün sevgi o qədər önəmlidir ki, nəyinsə xatirinə, ailəm olsun deyə ailə qurmaram. Mənim üçün sevgi çox önəmlidir. Mən düşünürəmsə, ailə quracamsa, bu insanı sevməliyəm. Amma təəssüf ki, artıq 15 ildir ki, övladlarımdan başqa heç kimi sevmirəm və sevə də bilmirəm. Buna vaxtım da yoxdur. Həyatımda sevdiyim şəxs olsaydı da gizlətməzdim. Əgər qadın və ya kişi ayrılıbsa, onların şəxsi həyatına qarışmaq düzgün deyil. “Filankəs neçə dəfə ailə qurdu, neçə dəfə ailə qurdu" kimi fikirlər yanlışdır. Baxırsan ki, bəzi vəzifəli şəxslərin övladları dəfələrlə evlənib-boşanırlar, heç kim haqqında söz demir. Bir müğənni boşanıb, yenidən ailə quranda, deyirlər ki, bu da gündə birinə ərə gedir. Bu cəmiyyətdəki insanların yaltaqlığı və ikiüzlülüyüdür. Bu yanaşma tərzi düzgün deyil. Əgər şəxsi həyatımda bir insan olsaydı, ailə qursaydım və ya ailə qurmasaydım inanın ki, bunu gizlətməzdim. Bəlkə də həmin şəxsi gizlədə bilərdim, amma "sevirəm" sözünü gizlətməzdim. Amma belə bir şey yoxdur. Yəni ki, şəxsi həyatımda heç kim yoxdur.



