BAKI, 30 iyun. TELEQRAF
Xəstəxanaya yerləşdirilən Əməkdar artist Rəhman Rəhmanov səhhəti barədə danışıb.
Aktyor Teleqraf-a açıqlamasında burnundan güclü qanaxma səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib.
O qeyd edib ki, artıq dörd gündür xəstəxanadadır: “Burnumdan dayanmadan qan gəlirdi. Həkimlər dedilər ki, bu çox nadir rast gəlinən haldır. Qan durulducu dərmanlardan tez-tez istifadə etdiyim və əsəbləşdiyim üçün bu vəziyyət yaranıb. Əvvəlcə təcili yardım vasitəsiylə dövlət xəstəxanasına getdim, qanaxmanı dayandırdılar və evə getməyimi tövsiyə etdilər. Amma evə qayıtdıqdan iki saat sonra qanaxma yenidən başladı”.
Rəhman Rəhmanov qeyd edib ki, sonra özəl xəstəxanalardan birinə müraciət edib.
“Həkimə zəng etdim, dedi ki, təcili xəstəxanaya gəlin. O, müayinə zamanı əvvəlki yardımın düzgün olmadığını deyib. Məlum oldu ki, burunda əlavə bir dəlik var. Tamponla həmin hissə bağlandı və qan dayandı. Artıq üç gündür vəziyyəti müşahidə edirlər. Endoskopik yolla tampon çıxarılacaq. Ola bilər ki, əməliyyat da olunsun".
Sonda aktyor bildirib ki, xəstəxana xərclərini müalicə aldığı özəl klinika öz üzərinə götürüb və müalicəsi davam etdirilir.
Qeyd edək ki, Rəhman Rəhmanovun 68 yaşı var.