BAKI, 28 iyun. TELEQRAF
Tanınmış aktyor Vüsal Murtuzəliyev xəstəxanadan evə buraxılıb.
Aktyor Teleqraf-a açıqlamasında səhhətinin yaxşı olduğunu vurğulayıb.
O, qeyd edib ki, vəziyyətinin qəfil pisləşməsi nəticəsində xəstəxanaya müraciət edib: "Narahat olan hər kəsə təşəkkür edirəm. Hamı mənimlə maraqlanır, səhhətimlə bağlı dualar edir. Özümü normal hiss edirəm. Hələ tam yaxşı deyiləm, lakin bərpa prosesindəyəm və düzəlməyə doğru gedirəm. Təzyiqim qəfil qalxdı və xroniki xəstəliyimin də təsiri oldu. Etiraf edim ki, indiyə qədər səhhətimə laqeyd yanaşırdım. Amma bu hadisədən sonra çox şey dəyişəcək".
O bildirib ki, həkimlərin tövsiyəsi ilə bir ay istirahət etməlidir və bundan sonra işləməsinə icazə veriləcək: “Özüm Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına müraciət etmişdim. İlk olaraq problemi böyrəyimdə axtarırdım. Analizlər verdim və nəticələr təmiz çıxdı. Lakin baş ağrılarım keçmirdi. Nəhayət KT müayinəsindən sonra məlum oldu ki, başımda qansızması var”.
"Diaqnostika Mərkəzinin cərrahlarına və bütün tibb personalına təşəkkür edirəm. Dörd gün reanimasiyada qaldım. Bu müddətdə ən böyük əziyyəti bacım Dilarə Əliyeva çəkdi. Ayaqüstə dayanmağımın səbəbkarı da odur. Artıq müalicələrə vaxtında gedəcəm. Bu günə qədər səhlənkarlıq edirdim, amma ailəmə görə bunu dəyişəcəm", - deyə V. Murtuzəliyev qeyd edib.
Aktyor onu da vurğulayıb ki, bu xəstəlik genetik deyil və ailə üzvlərində belə bir hal olmayıb. Havanın isti olması və ilkin əlamətlərin nəzərə alınmaması vəziyyətin ağırlaşmasına səbəb olub.
Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətirilib. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.