BAKI, 24 iyun. TELEQRAF

“Hazırda ev şəraitində müalicəm davam edir. Kəllə sümüyümdə sınıq var. Səhhətim yaxşı olsun, hüquq-mühafizə orqanlarından şikayət ərizəmi geri götürəcəm. Həmin şəxsdən “qan pulu” da istəmirəm. Kuryerdir, evimizə gəlib üzrxahlıq etdi. Qəzadır, bilmədən edib”.

Bunu Teleqraf-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova onu skuterlə vuran şəxs haqqında danışarkən deyib.

Aktrisanın sözlərinə görə, müalicə xərclərini öz ailəsi çəkib: “Sağ olsunlar, teatrımızın rəhbərliyi və kollektivimiz də çox dəstək oldu”.

Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulub.

O, Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilmişdi. Hazırda ev şəraitində müalicəsini davam etdirilir.