​BAKI, 27 aprel. TELEQRAF

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) birbaşa Nazirlər Kabinetinin tabeçiliyinə verilməsi təklif edilir.

Teleqraf xəbər verir ki, bu fikir Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) katibliyinin genişləndirilmiş iclasında irəli sürülüb.

İclasda həmçinin "Azərbaycanfilm" studiyasının birbaşa maliyyələşməsinə imkan qazanması üçün hüququ statusunun artırılması müzakirə edilib.

Katibliyin genişləndirilmiş iclasında Xalq artistləri Rasim Balayev, Şəfiqə Məmmədova, Həmidə Ömərova, Vaqif Mustafayev, Əməkdar İncəsənət Xadimləri Ramiz Mirzəyev, Baba Vəziroğlu, Cahangir Mehdiyev, filoloq alim Əli Akif, sənətşünas Nadir Bədəlov, prodüser, kinorejissor Əli İsa Cabbarov və digərləri iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı fərmanla Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi adlı publik hüquqi şəxs yaradılıb.

İndiyə qədər Kino Agentliyinə direktor təyin edilməyib. 2023-cü ildən 2025-ci ilin aprelin 18-nə qədər ARKA-nın direktor əvəzi vəzifəsi Orxan Fikrətoğluna həvalə olunmuşdu.