BAKI, 18 mart. TELEQRAF

Bu gün Kinorejissorlar Gildiyasının 27 dekabr 2024-cü il konfransında seçilmiş yeni İdarə Heyətinin ilk iclası keçirilib.

Bu barədə Teleqraf-a Kinorejissorlar Gildiyasından məlumat verilib.

İclası İdarə Heyətinin sədri kinorejissor Ayaz Salayev açaraq gündəliyi iclas iştirakçılarına təqdim edib. İclasda Ayaz Salayev, Şahirə Tacəddin, Hüseyn Mehdiyev məruzə edərək Konfransda qəbul olunmuş qərarların icrası, pozulmuş müəllif hüquqlarının bərpası, Kino Akademiyanın “Qızıl Pəri” peşə mükafatının keçirilməsi və kinomuzda mövcud durumla bağlı məruzələr ediblər.

Bu məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. İclasın sonunda bu ilin yubilyarları əməkdar incəsənət xadimləri kinorejissor Hüseyn Mehdiyevin “80”, rəssam Əziz Məmmədovun isə “70” illik yubileyləri münasibəti ilə təbriklər ünvanlanıb.