BAKI, 13 mart. TELEQRAF

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsi elan edir.

Teleqraf xəbər verir ki, ölkəmizdə kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədəki özəl sektorun dəstəklənməsi məqsədilə keçiriləcək müsabiqə bədii film, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri istiqamətlərini özündə əks etdirəcək.

Qeyd edək ki, bu müsabiqədə tələbə filmləri də prodüser mərkəzləri tərəfindən təqdim olunmalıdır.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan dilində təqdim etdiyi film layihələri iştirak edə bilər.

Müsabiqəyə müraciətlərin qəbulu https://arka.culture.az saytı vasitəsilə 15 aprel 2025-ci il tarixindən həyata keçiriləcək.