​BAKI, 13 mart. TELEQRAF

Mədəniyyət naziri Adil Kərimli martın 13-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə nazir Adil Kərimli və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.