BAKI, 12 mart, TELEQRAF

Xalq artisti Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsində onun haqqında çıxarılmış hökmün bəzi mətbuat orqanlarında səhv yayıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Xalq artisti evindən video paylaşaraq məsələyə aydınlıq gətirib.

“Azərbaycan xalqının qarşıdan gələn bayramını təbrik edirəm. Bayram təbrikini evimdən edirəm. Mətbuatda haqqımda yayılan bəzi xəbərlərə münasibət bildirmək istəyirəm. Mənə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Mən sizin yanındayam. Fəaliyyətimə, hərəkətimə heç bir məhdudiyyət qoyulmayıb. İlk dəfə başıma belə bir iş gəldi və məhkəmə qarşısına çıxdım. Mən həmişə söyləyirdim ki, hüquqi dövlətdə yaşayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi qanunla eyni hüquqa malikəm. Xalq artisti olsam da, müxtəlif mükafatlara layiq görülsəm də fərqi yoxdur. Qanun qarşısında boynum qıldan incədir”, - Xalq artisti vurğulayıb.

Video-paylaşımda Xalq artistinin vəkili Asim Abbasov da danışıb.

“Belə bir rəy formalaşdı ki, Ağadadaş Ağayev həbs edilib. Göründüyü kimi o, evindədir. Mətbuatda hökmün şərti cəza hissəsi bir az yanlış yayımlandı. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Sadəcə bu müddət ərzində Ağadadaş Ağayev öz davranış və hərəkətini diqqətdə saxlayacaq”, - Xalq artistinin vəkili Asim Abbasov əlavə edib.

Qeyd edək ki, bu il martın 6-da Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayevə 1 il sınaq müddəti olmaqla 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə təyin edilən cəza şərti hesab edilib.

Xatırladaq ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək gözətçi işlədiyi "MedEra" Hospitalda Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib. O, izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.