
BAKI, 18 fevral. TELEQRAF
7 il öncə - 2018-ci il fevralın 18-də bir çox arzular və ideyalarla bəzənmiş bir televiziya kanalı informasiya cəbhəsinə atıldı. Gecə-gündüz hər an tamaşaçıları ilə təmasda olub, onların xəbər dünyasını zənginləşdirdi. Hər xəbərlə, hər reportajla cəmiyyətin gözünü açan, vicdanını dərinləşdirən bir işə imza atıldı. İndi, 7 il sonra, Baku TV-dən izlənilən və eşidilən hər xəbər və görüntü bir tarixə çevrilir. Televiziyanın bu 7 ili həm də bir inamın, bir əzm və iradənin simvoludur. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
Bu əlamətdar gündə Teleqraf-ın əməkdaşı Baku TV-nin ofisində olub.
"Uğurumuzun əsas səbəbkarları əməkdaşlarımızdır"
Baku TV-nin direktoru Ramin Cəfərovun sözlərinə görə, kanalın əsas məqsədi Azərbaycan tamaşaçısına hadisə yerindən, mötəbər tədbirlərdən operativ canlı yayımlar çatdırmaqdır.
"Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərlərin Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində yayımını həyata keçirir. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir. Çalışırıq ki, bunu həm sosial şəbəkələr üzərindən, həm də ənənəvi yayımda həyata keçirək. Bizim uğurlarımızın əsas səbəbkarı əməkdaşlarımızdır. Əməkdaşlar burada olduqları üçün məmnundur. Onlar əllərindən gələni edərək həvalə olunan materialı peşəkarlıqla təqdim edir. Məhz bunun nəticəsidir ki, bu cür uğurlara imza atırıq".

"Hadisə haradadırsa, biz də ordayıq"
Baku TV-nin baş redaktoru Elmar Əbilov deyib ki, kanal öz seqmentində liderdir.
"Statistik göstəricilər bunu sübut edir. Baku TV ötən il yutub kanalları arasında birinci yerdə qərarlaşıb. Hadisə haradadırsa, biz oradayıq. Tamaşaçıların bizi ən çox izləmələrinin səbəbi də ən operativ xəbər kanalı olmağımızdır. Hadisə yerinə bəzən dövlət qurumları ilə eyni vaxtda çatmışıq, ətraflı işıqlandırmışıq. Bizi fərqləndirən cəhətlərimizdən biri eksklüziv xəbərlərin çoxluğu və ajiotajlı olmasıdır. Sevindirici hal odur ki, araşdırıb ortaya çıxardığımız məsələlərlə bağlı müvafiq dövlət qurumları tədbirlər görür. Məsələn, Memar Əcəmi metrosunun ətrafındakı çayxanaların təyinatı üzrə fəaliyyət göstərməməsi ilə bağlı hazırladığımız reportajdan sonra problem həllini tapdı. Bunun kimi nümunələrimiz çoxdur”.
Baş redaktor müxbirdən əsas gözləntilərin nələr olduğuna aydınlıq gətirib: “Kadr seçimində əsas hədəfimiz dil bilgisi və peşəkarlıqdır. Televiziyamıza həm Baku Media Məktəbinin yetirmələrini, həm də kənardan kadr cəlb edirik. Mənə elə gəlir ki, digər televiziyalardan fərqimiz çap mediasından da əməkdaşları işə götürməyimizdir. Həmin insanların televiziya təcrübəsi olmasa da qələmləri güclü olur. Bunu xüsusi vurğulayım ki, televiziyanı çap mediasından fərqləndirən cəhət odur ki, bəzən bir səhifə yazını televiziyada bir kadr əvəz edə bilir. Bizə gələn əməkdaşın kadrla işləmək bacarığı olmalıdır. Yaxud o təcrübəni burada qazanmalıdır. Əgər televiziyadakı kadr informasiyanı tamaşaçıya ötürürsə, onu yenidən səsləndirmək lazım deyil. Bizim tələblərimizdən biri də budur”.
Baku TV-nin İnformasiya Proqramları Departamentinin rəhbəri, aparıcı Turan İbrahimov Baku TV-nin 7 il müddətində 70 ilə bərabər işlər gördüyünü deyib: “Artıq iki ildir ki, burada çalışıram. Əvvəlcə Qərbi Azərbaycan Departamenti, sonra erməni redaksiyası yaradıldı. Digər alternativ xəbər buraxılışları üçün redaksiyalar formalaşdı. Bu departament böyüdü və Baku TV-nin informasiya proqramları departamentinə çevrildi. Qərbi Azərbaycan onun içərisində redaksiya oldu. Mən də bu departamentin rəhbəriyəm. Müasir tamaşaçı ən qısa zamanda ona lazım olan informasiyanı almaq istəyir. Burada söz də, görüntü də olmalıdır. Bütün bu informasiyanı tamaşaçının anlaya biləcəyi səviyyəyə gətirən bir yanaşma olmalıdır. Baku TV yeni, rəqəmsal media nöqteyi-nəzərindən bu tələbatı ödədiyi üçün qısa zamanda böyük işlər gördü. Baku TV-nin ən böyük fərqi müasir televiziya standartlarının olmasıdır, üstünlüyü günün tələbi olan rəqəmsallığa verməsidir. Bu istiqamətdən həm də ənənəvi televiziyaya doğru addımlayır. Orada da yeni ənənələr tətbiq edir, ən qısa müddətdə, sürətli şəkildə insanların gözlədiyi, eşitdiyi məlumatların səhihliyini ortaya qoyur”.
"Lazım gələrsə, səhərə kimi gözləyirəm"
“Arzunun vaxtı” verilişinin aparıcısı Arzu Kəlbi: “Reytinqlərimiz göz önündədir. Düşünürəm ki, bu verilişin səmimiliyindən və insanlara daha yaxın olmağımızdan irəli gəlir. 44 günlük müharibədə və ondan sonrakı dövrdə demək olar ki, hər gün şəhid ailələrini ziyarət edir, qazilərimizlə müsahibələr edirdik. Reabilitasiya mərkəzinə yerləşdirdiyimiz insanlar olub. Hansı ki, onlar pis vərdişlərin qurbanı idilər. Çox insan müalicə alıb. Bu illər ərzində kimsəsiz insanlara 6 ev bağışlanıb. Problemləri işıqlandırmışıq, xeyriyyəçi insanlar kömək ediblər. Buna baxmayaraq, çəkiliş zamanı kameralarımıza hücum edənlər də az olmayıb.
Heç birinə fikir vermədən işimizi görməyə davam etmişik. Hətta bəzən olub ki, özümə "bu verilişi necə çəkdin?" sualını verirəm. Təhlükəli yerlərə gedirəm. “Milyonluq sarayı” çəkmək üçün çox adam müraciət etmişdi. Ancaq mən sona kimi getdim. Heç vaxt geri dönmürəm, sona kimi, lap lazım gələrsə, səhərə kimi gözləyirəm. Əvvəllər daha çətin idi, çünki insanlar məni tanımırdılar, çəkilişə razılıq vermirdilər. İndi tanıyırlar, qapılarını rahatlıqla açırlar. Müxbir istənilən vəziyyətə düşə bilər. Əsas özünə güvənsin, hazırlıqlı olsun. Mən çəkilişə gedəndə geyimlərimə, hətta ətirlərimə də fikir verirəm. Ehtiyacı olan, pis vəziyyətdə yaşayan insanların evlərinə gedəndə bahalı ətirdən, geyimdən istifadə etmirəm. Mənə görə belə məqamlara fikir vermək çox önəmlidir. Şikayətçi ilə görüşəndə o hansı vəziyyətdədirsə, mən də o vəziyyətdə olmağa çalışıram. Ona görə məni özlərindən biri kimi bilirlər. Düzünü deyim ki, əvvəllər mənimlə bağlı yazılan tənqidlərdən çox narahat olurdum. Sonra öyrəşdim və daha şərhləri oxumuram. Bəzən mənə deyirlər ki, sən çox əlçatansan, mənsə düşünürəm ki, bu mənim yolumdur, bu gün parlayırıq, sabah elə hadisə olar ki, sönərik”.
"Bu diqqəti heç yerdə görməmişəm"
“Qapqara” və “Damdakılar” verilişlərinin rejissoru, əməkdar incəsənət xadimi Ülviyyə Könül: “7 ildə kanal o qədər böyük uğurlara imza atıb ki, buranın üzvü olmaq mənim üçün böyük fəxrdir. Baku TV-nin yeni işçilərindənəm, artıq 1 ildir burada çalışıram. Xüsusilə, qeyd etmək istəyirəm ki, rəhbərlik əməkdaşlarına çox diqqətlidir. Bir işçi kimi burada olan diqqəti heç yerdə görməmişəm. Kollektivdə gənclərin çox olması kanala gənc enerjisi verir, müəyyən abu-hava qatır. Kanalımıza böyük uğurlar arzu edirəm, davamlı olsun. Verilişlərimiz "YouTube"a yerləşdirildikdən sonra baxış sayına və rəylərə baxıram. Analiz edəndə başa düşürəm ki, bizim çox geniş və müxtəlif yaş kateqoriyasını əhatə edən auditoriyamız var. Buna çox sevinirəm".
"Çox şadam ki, Baku TV-nin simasıyam"
Baku TV-nin xəbər aparıcısı Jalə Əbilova: “Artıq 4 ildir bu komanda ilə çalışıram. Bu illər ərzində doğru-dürüst addımlar atıb, komanda olaraq gecə-gündüz demədən tamaşaçılara ən doğru xəbəri çatdırırıq. Çox şadam ki, Baku TV-nin simasıyam. Baku TV-nin hər zaman hədəfləri olub, ona doğru irəliləyib və böyük uğurlar əldə edib. Bu, rəhbərliyin komandaya olan motivasiyasının, dəstəyinin nəticəsidir. 7 il əvvəl şəbəkə üzərindən fəaliyyətə başlayan kanal artıq rəsmi xəbər kanalı kimi təqdim olunur. Rəhbərliyimizi, əzmkar komandamızı ürəkdən təbrik edir və özümüzə daha böyük uğurlar arzu edirəm".