BAKI, 16 fevral. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistratura şöbələrinə qəbul imtahanı (I cəhd) keçirilib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 20 min 57 nəfər Azərbaycan bölməsi, 1 869 nəfər rus bölməsi üzrə bakalavr ərizə təqdim edib. Bakalavrlardan 14 min 17-si cari ilin, 7 min 909-u isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

"Teleqraf"ın əməkdaşı Dövlət İmtahan Mərkəzi tərəfindən akkreditasiyadan keçərək imtahan prosesini müşahidə edib.

İmtahan günü akkreditasiya vəsiqəsində hara düşdüyümüzü öyrəndikdən sonra ünvana yollandıq.

DİM təlimatlarına uyğun olaraq, Bakı şəhəri Nərimanov rayonundakı 200 nömrəli məktəb-lisey kompleksində olduq. Təlimata əsasən imtahan iştirakçılarını narahat etməmək üçün çəkilişə yalnız imtahan zalının giriş qapısından icazə verilir.

İmtahana mobil telefon və digər rabitə vasitələr, elektron cihazlar, kalkulyator, kitab, dəftər, digər vasitələr-siqaret, kibrit, kəsici alətlərin daxil edilməsinə icazə verilməyib.

İmtahan ərəfəsində məktəbin həyətində gözləyən imtahan iştirakçılarının yaxınları ilə söhbətləşdik.

Valideyn Aynurə Seyidova bildirdi ki, övladı ötən il də magistratura imtahanında iştirak edib: “Qızım magistratura təhsilini Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsində almaq istəyir. Ötən ilki imtahanda 60 bal toplasa da, qəbul olmaq istədiyi ixtisasın keçid balı 85 idi. Ona görə bu il yenə cəhd etdi. Gözləntim yüksəkdir, çox yaxşı hazırlaşıb. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində alıb”.

Söhbətləşdiyimiz digər xanım Aynur Məmmədova gəlinini gözlədiyini dedi:

“Saat 8-dən gəlmişik. Mənim də gəlinim imtahan verir. Ümid edirəm ki, nəticə istədiyi kimi olacaq. Sınaq imtahanında 60 bal toplayıb. İndi ondan da yüksək nəticə əldə etmək istəyir. Bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. Magistratura təhsilini də orada almaq istəyir”.

İmtahan binasından ilk çıxan Günay Məmmədova sualların rahat olduğunu deyir:

“Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasını bitirib, magistratura üçün hazırlaşdım. Yenə öz ixtisasım üzrə təhsilimi davam etdirmək istəyirəm. Məntiq və informatika fənlərindən çətin sualların düşəcəyini gözləyirdim. Ancaq suallar asan idi. Sadəcə ingilis dilində çətin suallar vardı. İmtahan prosesi isə çox sakit keçdi”.

Bakalavr təhsilini İngiltərədə alan Rəşad Yusifzadə hər üç fəndən sualların asan olduğunu söyləyir: “İngiltərədə "Beynəlxalq idarə edilmə” ixtisasında təhsil almışam. Təhsilimi ADA Universitetində davam etdirmək istəyirəm”.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Polad Şirinov 60-70 bal arası nəticə gözlədiyini vurğuladı: “Gözlədiyimdən daha asan oldu. Sadəcə məntiqdən bəzi suallar çətin gəldi. İngilis dilindən isə mətn çətin idi. İnformatikanı elə də güclü bilmədiyim üçün normal cavablandırdım.
60-70 bal arası nəticə gözləyirəm. Güman ki, “Menecment və iqtisadiyyat” ixtisasını seçəcəm. Azərbaycan Texniki Universitet və məzun olduğum universitet arasında seçim edəcəm”.

Sonda imtahan rəhbərlərindən məlumat aldıq.

Toğrul Muradəlizadə söylədi ki, imtahanda heç bir qayda pozuntusu müşahidə olunmayıb:

“İmtahanlar təlimatlara uyğun təşkil olundu. İmtahana buraxılış saat 09:30-da başladı.

İmtahan müddəti 3 saat 30 dəqiqə, iki mərhələdən ibarət oldu. Birinci mərhələdə qapalı tipli sualların cavablandırılması üçün təyin olunan vaxt, ikinci mərhələ esse mərhələsi idi. Esse mərhələsi 30 dəqiqə çəkir. Bu müddətdə iştirakçılar ilk 15 dəqiqə ərzində imtahanı tərk edə bilməzlər. Sona qədər qalan iştirakçı özü ilə sual kitabçasını apara bilər. İmtahanın başladığı vaxtdan 1 saat 30 dəqiqə keçənə qədər və son 15 dəqiqə ərzində imtahandan çıxmağa icazə verilmir. Bütün otaqlarda kameralar var. Binanın şəraiti yüksək səviyyədədir. İmtahana sertifikasiyadan keçən nəzarətçilər cəlb olunub. 286 nəfər bakalavr imtahanda iştirak edib. İmtahana 2 nəfər gəlməmişdi, gecikən iştirakçı isə olmayıb”.

Digər imtahan rəhbəri Şəhla Mahir imtahanın tam təlimatlara uyğun yekunlaşdığını qeyd edib:

“İmtahana gecikənlər olmadı, hamı vaxtında imtahan binasında idi. Yalnız iki nəfər gəlməyib. Onların nə üçün gəlmədikləri məlum deyil. İmtahan normal qaydada, tam sakit şəraitdə keçib. Təlimatda necə nəzərdə tutulub, eyni qayda da davam edib. Heç bir problem müşahidə edilmədi”.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə fevralın 17-dən etibarən imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim ediləcək.