BAKI, 17 fevral. TELEQRAF

"Ana harayı" abidəsi önündə hazırlıq işləri davam edir. Hazırda abidənin üzərindəki yazılar yenilənir, yanına bu gün gətirilən yeni güllər əkilir".

Bu sözləri Teleqraf-a Xətai rayonundakı Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq və abadlıq işləri ilə məşğul olan işçilər deyib.

"Yazıları yeniləmək üçün xüsusi sprey formasında olan qızılı rəngli boyalardan istifadə olunur. Spreyi hərflərin üzərinə vururuq. Boya quruduqdan sonra yazıların yerləri rənglə dolur və daha sonra rəngli qalan artıq hissələri təmizləyirik", - deyə işçilərdən biri deyib.

Həmçinin abidənin üzərində və ətrafında təmizlik işləri aparılır.

İşçilərin dediyinə görə, artıq işlər yekunlaşmaq üzrədir. İşıq dirəkləri, skamyalar yenilənib.

"Dirəklərin və güllərin üzərinə zərlər əlavə ediləcək ki, daha çox diqqət çəksin".

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Teleqraf-a açıqlamasında bildirib ki, güllərin bir qismi dəyişdirilib, işıq sistemləri yenilənib.

"Sifariş olunan bir qisim gül bu gün gətirilir. Müəyyən nasazlıqlar olduğundan 2 min metrlik kabel xətti tamamilə yenilənib. Oturacaqlar, güllüklər hər il olduğu kimi yenidən təmizlənir, yenilənir".

Pənah İmanov onu da əlavə edib ki, fevralın 23-nə qədər işlər tam yekunlaşacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 25-də axşam saat 23:00-da 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeləri tutub, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu il Xocalı faciəsindən 33 il ötür. Həmin gecə 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Hər il fevralın 26-da Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidəsini minlərlə insan ziyarət edir.

FOTO: Elnur Muxtar