.jpg)
BAKI, 14 fevral. TELEQRAF
Sevginin günü olmaz deyirlər. Amma məhz bu gün əksər sevgililərin, hətta ailəlilərin belə şəhərə, əsasən bulvara axışdığını görmək bu ifadəni sual işarəsi altında qoyur. Əgər sevginin günü yoxdursa, niyə məhz bu gün insanlar əl-ələ, qol-qola gəzir, hədiyyələşirlər?..
Bu gün - 14 fevral Sevgililər günündə şəhərimizin mənzərəsi necədir?
Gül mağazasının satıcısı deyir ki, bu gün ən çox qızılgül alınır, qiyməti isə 4 manatdan başlayır.
“Buketlərin qiyməti gülün növünə və sayına uyğun hesablanır. Satılan oyuncaq ayıların isə qiyməti 15 manatdan 100-150 manatadək yüksəlir”.
Digər gül mağazasında üzündə xoş təbəssüm, əlində hədiyyə paketi olan xanıma yaxınlaşıram.
- Əgər sirr deyilsə, bu gün sevgiliniz sizə nə alıb?
- Qızıl alıb. Amma mənə görə hədiyyənin nə olmasının önəmi yoxdu. Düşünməsi mənə yetər.
Mağaza sahibinin sözlərinə görə iki gündür ki, güllərin qiyməti qalxıb.
“Həmişə olduğu kimi bu gün qızılgül və oyuncaq ayılar daha çox satılır. Gül buketlərinin qiyməti 20-25 manatdan başlayaraq 2500 manatadək yüksəlir. "Mişka"ların qiyməti isə 15 manatdan 500 manata qədərdir. Ümumən bu il alıcı sarıdan sönük keçir”.
Görünən odur ki, bu gün qızılgül ən çox satılan hədiyyələr sırasındadır. Maraqlısı isə odur ki, qızılgül hər zaman var, bəs niyə bu gün alınır, satılır. Bir gülü almaq üçün bu günü gözləməyə dəyərmi?!
Axı, sevginin günü olmaz deyiblər...
FOTO: Firudin Səlimov