
BAKI, 10 mart, TELEQRAF
"Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası bizim kino ocağımızdır. 1960-cı ildən fəaliyyət göstərən kinostudiyamızın əsaslı təmiri nəzərdə tutulub. Bu haqda layihə təqdim edəcəyik".
Teleqraf xəbər verir ki, bu sözləri prodüser və aktyor Azər Aydəmir Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.
"Layihənin adı "KinopArk"dır, bu, müasir biznes mərkəzidir. Biznes mərkəzində sırf çəkilişlə məşğul olan şirkətlər fəaliyyət göstərəcək. Texnoloji bir bina olacaq, amma qədimlik də qorunacaq. Binada fəaliyyət göstərən şirkətlərin dövlət tərəfindən imtiyazları olacaq. Bu imtiyazlar yaxın zamanlarda açıqlanacaq. Biz hamımız bir damın altına toplanıb kino sahəmizi dirçəltmək istəyirik", - o, bildirib.
Azər Aydəmirin sözlərinə görə, "KinopAark"ın fəaliyyəti beş il müddətində nəzərdə tutulub: "Burada 1000 yeni iş yeri planlaşdırılır. Parkın daimi rezidentlərinin dövriyyəsi beş il ərzində 100 milyon manat təşkil edir".