
BAKI, 7 mart. TELEQRAF
Məşhur azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "İlmələrin Sehri" kolleksiyası Aktau Beynəlxalq Moda Həftəsində - "Samruq Fashion Week" tədbirində uğurla təqdim olunub.
Teleqraf xəbər verir ki, libaslardakı bütün aksessuarlar, zinət əşyaları, boyunbağılar, sırğalar, bilərziklər və hətta düymələr iplərdən hazırlanan toxunmuş əl işlərindən ibarətdir.
"Bu il mənim yaradıcılıq fəaliyyətimin 25 ili tamam olur. Buna görə ən sevdiyim kolleksiyalardan birini sərgidə təqdim etməyə qərar verdim. "Samruq Fashion Week" layihəsinin əsas mesajı türk dünyasının modasının təkamülüdür. Bu gün dünyada rəngarəng türk üslubu fəal inkişaf edir, dizaynerlər gündəlik həyatda ənənəvi geyimləri cəsarətlə birləşdirirlər, buna görə layihə müasir etnomoda formatında təqdim edildi" ,- Gülnarə Xəlilova qeyd edib.
Səfər Avropa və Asiyada müxtəlif etnik moda həftələrinin təsisçisi və rəhbəri Aydın Açikin dəvəti ilə təşkil olunub.
"Samruq Fashion Week" tədbirinin təşkilatçıları Umbet Ayzada və Askarova Jansayadır.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin banisidir.
Kolleksiyaları ABŞ, Böyük Britaniya,Türkiyə, Rusiya, Çin kimi ölkələrin moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.