
BAKI, 7 mart, TELEQRAF
Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadə əməkdar artist Mehriban Xanlarovanın iddialarına cavab verib.
Mehriban Ələkbərzadə Teleqraf-a açıqlamasında əməkdar artistin ittihamlarını qəbul etməyib.
"Bu teatrın daxili məsələsidir. Niyə teatrın daxilində olan məsələ kənarda həll edilməlidir?! Bunu şouya çevirmək olmaz. Yeni nəsil teatrda yetişməlidir, 60 yaşlı biri 20 yaşında olan obrazı canlandıra bilməz. Şou-proqram qəhrəmanları indi də bu məsələni şouya çevirmək istəyirlər. Bunu özünə yaraşdıran yaraşdırır. Mən bu şounun iştirakçısı olmaq istəmirəm.
Bir daha deyirəm: teatra yeni nəsil gəlməlidir. Yaşlı nəslin nümayəndələri də öz bacarığına uyğun rol almalıdır. Teatrın rəhbərliyi, idarə edəni, kollektivi var. Artıq formadan düşənlər, yaşı ötmüşlər, həmişə baş rol almaq həvəsində olanlar, cavanlıq illərində ala bilmədiyini indi almaq istəyənlər rol davası edirlər. Axı, teatra yeni nəfəs də gəlməlidir", - Mehriban Ələkbərzadə deyib.
Rejissor vurğulayıb ki, bəzən yeni nəsillə yaşlı nəsil arasında belə problemlər yaşanır: "Amma bunun həllini kənarda axtarmaq düzgün deyil. Teatrın baş direktorunun və bədii rəhbərinin qapısı açıqdır. Gəlin, deyin, filan məsələ var, biz də bunu sizə izah edək. Şou-proqramların havasından çıxa bilməyən adamlardır, istəyirlər ki, teatrın daxili məsələlərini də istədikləri istiqamətə yönəltsinlər. Bu, mədəniyyət strategiyasıdır, axı, siz bunu mənim yerimə həll edə bilməzsiniz.
Biz kollektivimizə yenə cavan nəslin nümayəndələrini gətirəcəyik. Beş-altı gənc aktyora ehtiyacımız var. Teatr yalnız yaşlı nəsillə faəliyyət göstərə bilməz".
Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktrisası əməkdar artist Mehriban Xanlarova mətbuata açıqlamasında bədii rəhbər Mehriban Ələkbərzadənin teatra kənardan aktrisa gətirdiyini iddia edərək onlara tamaşada rol verilmədiyini bildirib.