Xalq artisti Valeh Kərimov Mtv Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Valeh Kərimov ikinci dəfə ailə qurmamasının səbəbini açıqlayıb.
“Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu sürətdə ikinci dəfə evlənmədim. İkinci arvada "dublyor" kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcəkdi", - o bildirib.
Valeh Kərimov deyib ki, institutu qurtarandan sonra ömrünün 45 ilini Sumqayıt Dövlət Dram Teatrına sərf edib: “Oradan da uzaqlaşdırıldım. Bir hadisəni danışım. Bir gün direktor məni çağırdı otağına, utana-utana dedi ki, bir söz soruşum Valeh müəllim. Siz aktyorluğu bitirmisiniz? Dedim, bəli. Diplomunuz var?! Dedim, bəli! Onu sabah gətirə bilərsiniz? Dedim, olar. Səhərisi gün, gətirdim, oxudu. Dedi, məni boğaza yığıblar ki, sizin ixtisasınız aktyorluq deyil. Gəlib burada xalq artisti kimi işləyirsiniz. Universiteti bitirəndə imtahan komissiyasına rəhmətlik Hökümə Qurbanova imza atıb".
Aktyor sənət aləmindən küsdüyünü də etiraf edib: “Söhbət küskünlükdən getmir, bekar insanam. Axı, niyə kənarda qalım ki?! Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı, səhnədən ötəri vaxtilə atam da məni danışdırmayıb. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi, özünü sənətdə tapsan, evlənərsən. Gördüm tapmadım, getdim evləndim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, evdə oturum ölümümü gözləyim... ".
Valeh Kərimov onu da deyib ki, "Bəxt üzüyü" filmindəki "Moşu" obrazı ona mane olub: "İndiyə kimi mənə "Moşu", "xalq" deyirlər. Onun bir az demaqoqluğu var, istedadsız insandır, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Məndən başqa hamını filmə çəkirlər. Filmim yalnız "Bəxt üzüyü"dür. Məni bir-iki dəfə kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz, rədd eliyin getsin. Bu, məni çox incidib. Axı məni qrim də etmək olardı, başqa obraz üçün...".