BAKI, 30 oktyabr. TELEQRAF
İsrailin texnologiya nəhəngi olduğu yəqin ki, heç kimə sirr deyil. Məhz buna görə də, bu ölkə beynəlxalq səviyyədə “startap ölkəsi” (start-up nation) kimi tanınır.
İsrailin qlobal texnologiya mərkəzinə çevrilməsi bizə tanış olan, ənənəvi texnoloji inkişaf modeli ilə mümkün olmayıb. Bu ölkənin geniş daxili bazarı, zəngin təbii ehtiyatları yoxdur. Belə şəraitdə formalaşan innovasiya ekosistemi real problemlərə qısa müddətdə həll yolları tapmaq və həmin həlləri qlobal bazara çıxarmaq zərurəti üzərində qurulub. Bunlar ölkədə startapların çoxluğuna, dərin texnologiyalar (Deep Tech) sahəsində güclü mövqeyə və iri həcmli şirkət satışlarına gətirib çıxarıb.
İsrail İnnovasiya Qurumunun (IIA) 2026-cı il üzrə “Yüksək Texnologiyalar Sektorunun Vəziyyəti” hesabatına əsasən, ölkədə mürəkkəb təhlükəsizlik şəraitinə baxmayaraq, 2026-cı ilin əvvəlində İsrailin texnologiya investisiyaları bazarında 3,36 milyard dollar investisiya cəlb edilib.
2025-ci ildə İsrailin yüksək texnologiyalar sektorunun ÜDM-dəki payı 352 milyard şekel (təxminən 191,5 milyard manat) təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,2 faiz artım deməkdir. Artım əsasən hər işçiyə düşən illik ÜDM-in təxminən 47 min şekel (25,5 min manat) artması, başqa sözlə, 6 faiz yüksəlməsi hesabına baş verib. Yüksək texnologiyalar sektorunda hər işçiyə düşən məhsul istehsalının həcmi 827 min (450 min manat) şekelə çatıb ki, bu da ölkə iqtisadiyyatında ən yüksək göstəricidir.
Yüksək texnologiyalar üzrə ixracın həcmi təxminən 85 milyard dollara yüksələrək İsrailin ümumi ixracının 58 faizini təşkil edib. Eyni zamanda, sektorda çalışanların sayı təxminən 400 min nəfərə çatıb ki, bu da ölkədə ümumi məşğulluğun 11,4 faizinə bərabərdir. 2025-ci ildə İsraildə yaradılan yeni startap şirkətlərinin sayı isə təxminən 775 olub.
2025-ci ildə İsrailin yüksək texnologiyalar sektorunun dərin texnologiyalara (Deep Tech) və süni intellektə keçidi güclənib. Yeni yaradılan şirkətlər və sektor üzrə investisiyalar arasında müdafiə texnologiyaları (Defense Tech), kosmik texnologiyalar, kvant texnologiyaları və süni intellekt infrastrukturu sahələrində aktivlik artıb.
Yüksək əməkhaqqı səviyyəsi və yerli əməliyyat ehtiyacları nəzərə alınmaqla, yüksək texnologiyalar sənayesi iqtisadiyyatda əhəmiyyətli təsir yaradır. Qiymətləndirmələrə görə, texnologiya sektorunda hər bir iş yeri yerli xidmətlər, infrastruktur və ticarət sahələrində əlavə bir neçə iş yerinin yaranmasını dəstəkləyir.
İnnovasiyanın arxasında hansı model dayanır?
İsraildə universitetlərdə aparılan elmi araşdırmalar, özəl sektorun təşəbbüsləri və hərbi texnologiyalar sahəsində toplanmış təcrübə bir-birini tamamlayaraq vahid innovasiya ekosistemi yaradır. Bu modelin necə işlədiyini görmək, yeni texnologiyalarla tanış olmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan 18 mütəxəssis İsrailə səfər edib.

Səfərin diqqətçəkən istiqamətlərindən biri İsrailin vençur kapitalı və startap ekosistemi ilə tanışlıq idi. Nümayəndə heyəti ilə ziyarət etdiyimiz “Jerusalem Venture Partners” (JVP) şirkəti təxminən 30 ildir texnologiya sektorunda fəaliyyət göstərir. Şirkətin baş tərəfdaşı Qadi Poratın təqdimatından aydın olur ki, İsraildə innovasiya yalnız yeni ideyaların yaradılması ilə məhdudlaşmır, onların kommersiyalaşdırılması və qlobal bazarlara çıxarılması da bu prosesin mühüm hissəsidir.
JVP ilkin mərhələdə olan startaplara və inkişafını genişləndirən şirkətlərə investisiya yatırır. Kibertəhlükəsizlik, maliyyə texnologiyaları, sığorta texnologiyaları və korporativ proqram təminatı şirkətin əsas maraq dairəsindədir. Hazırda isə süni intellektin ənənəvi texnoloji sahələrlə inteqrasiyası yeni investisiya imkanları yaradır.
Bu ekosistemin formalaşmasında dövlətin rolu da xüsusi əhəmiyyət daşıyır. İsrail İnnovasiya Qurumunda (IIA) keçirilən görüşdə qurumun Beynəlxalq əlaqələr şöbəsinin direktoru Lior Yafe dövlətin yüksək texnologiyalar sektoruna dəstək mexanizmlərini təqdim etdi.
Elə burada məlum oldu ki, qurum hər il təxminən 700 milyon dollar vəsait ayırır. Bu maliyyə ilkin mərhələdəki startaplara investisiyaların yatırılmasına, elmi-tədqiqat laboratoriyalarının, superkompüterlərin və digər innovasiya infrastrukturunun inkişafına yönəldilir. Bununla yanaşı, dövlət yüksək texnologiyalar sektorunun ehtiyaclarına uyğun siyasətin formalaşdırılması, vergi mexanizmlərinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı ilə də məşğul olur.
İllik 700 milyon dollarlıq maliyyələşmə həcminin yalnız məndə deyil, nümayəndə heyətində də təəccüb doğurduğunu hiss etdim. Bu reaksiyadan hiss etdim ki, söhbət sadəcə böyük məbləğdən getmir. Əslində, bu rəqəm İsrailin innovasiyaya yanaşmasının miqyasını göstərir: burada dövlət yalnız maliyyə ayırmaqla kifayətlənmir, həm də innovasiyanın inkişafı üçün şərait yaradır, özəl sektorla elmi müəssisələr arasında körpü rolunu oynayır.
.jpg)
İsrailin kiberməkanda müdafiə üzrə strateji üstünlüyü
İsrailin texnoloji ekosistemində kibertəhlükəsizlik xüsusi yer tutur. Ölkənin bu sahədəki imkanları yalnız özəl şirkətlərin hazırladığı proqram təminatı ilə məhdudlaşmır. Hərbi sektor, universitetlər, dövlət qurumları və biznes arasında formalaşan əməkdaşlıq da inkişafın əsas amillərindəndir.
Bu modelin nümunələrindən biri Beer-Şeva şəhərində fəaliyyət göstərən “Cyber7” təşkilatıdır. Təşkilatın icraçı direktoru Daniel Martinlə görüş zamanı İsrailin kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilən şəhərin inkişaf yolu diqqətə çatdırıldı. Hərbi texnologiya bölmələrinin Beer-Şevaya köçürülməsi, universitetlərdə ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradılması və dövlət-özəl sektor əməkdaşlığı şəhərin bu sahədə mövqeyini gücləndirib.
.jpg)
Kibertəhlükəsizliyin digər mühüm istiqaməti isə baş verən insidentlərə operativ müdaxilədir. İsrailin Milli Kiberdirektorluğunun tərkibində fəaliyyət göstərən Kompüter Fövqəladə Hallara Müdaxilə Qrupunda (CERT-IL) bu mexanizmlə tanış olduq.
Qurum hər gün yerli və beynəlxalq tərəfdaşlardan kiberhücum cəhdləri və təhlükələrlə bağlı yüzlərlə məlumat qəbul edir. Araşdırılan insidentlərə fişinq, zərərli proqram təminatı, məlumatların şifrələnməsi ilə müşayiət olunan hücumlar və DDoS hücumları daxildir. CERT-IL-in 119 qaynar xətti isə sutkanın 24 saatı, həftənin yeddi günü fəaliyyət göstərir.
Özəl sektorun təqdim etdiyi texnologiyalar da kibermüdafiənin getdikcə daha mürəkkəb xarakter aldığını göstərir. “Vicarius” təşkilatlara kibertəhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və aradan qaldırmaq imkanı verən platformalar hazırlayır. “Akeyless” maşın identikliyinin və süni intellekt agentlərinin giriş imkanlarının qorunması üzərində çalışır. Şirkətin həmtəsisçisi Şai Onun sözlərinə görə, platforma hər ay 20 milyarddan çox əməliyyatı və maşınların giriş sorğularını emal edir.
Bu rəqəmin arxasında müasir kibertəhlükəsizliyin mühüm problemlərindən biri dayanır: artıq rəqəmsal sistemlərdə maşınlara məxsus identikliklərin sayı insan identikliklərinin sayını dəfələrlə üstələyir. Bu isə ənənəvi müdafiə mexanizmlərindən daha mürəkkəb həllər tələb edir.
“Source Defense” şirkəti isə veb-saytları üçüncü tərəflərin brauzerdə işləyən kodlarından qaynaqlanan təhlükələrdən qoruyur. Maliyyə institutları, aviaşirkətlər və beynəlxalq şirkətlərlə əməkdaşlıq edən qurum süni intellekt vasitəsilə həyata keçirilən məlumat oğurluğu hücumlarına qarşı da həllər təqdim edir.
Tel-Əvivdə yerləşən “Dream” şirkətinin fəaliyyəti də süni intellektlə kibertəhlükəsizliyin necə birləşdiyini göstərir. Təxminən 350 əməkdaşı olan şirkət süni intellekt modellərindən və müxtəlif məlumat mənbələrindən istifadə etməklə hökumətlər və kritik infrastruktur obyektləri üçün qabaqlayıcı müdafiə sistemləri hazırlayır. Bu sistemlər potensial hücumları əvvəlcədən müəyyənləşdirməyə, rəqəmsal zəiflikləri qiymətləndirməyə və real təhlükələri çoxsaylı xəbərdarlıqlar arasından seçməyə imkan verir.

İmkanlarla yanaşı, süni intellektin yaratdığı yeni risklər
İsrailin texnoloji gündəmində süni intellekt artıq ayrıca istiqamət deyil, müxtəlif sektorların inkişafını sürətləndirən əsas vasitələrdən biridir. Bununla belə, bu texnologiyanın geniş tətbiqi yeni təhlükəsizlik və tənzimləmə problemlərini də gündəmə gətirir.
Ben-Qurion Universitetinin baş elmi tədqiqatçısı Maykl Fayrın nümayəndə heyətinə təqdim etdiyi araşdırmalar məhz bu məsələyə həsr olunub. O, böyük dil modellərinin (LLM) “jailbreaking” adlanan üsullarla manipulyasiya edilə bildiyini izah edib.
Belə ki, süni intellekt modelləri təhlükəsiz cavablar vermək və zərərli tapşırıqlardan yayınmaq üçün proqramlaşdırılsa da, xüsusi hazırlanmış sorğular, rol oyunları və məlumatların mərhələli təqdim edilməsi onların təhlükəsizlik məhdudiyyətlərini aşmağa imkan verə bilər. Bu isə süni intellekt sistemlərinin hazırlanması ilə yanaşı, onların qorunmasının da nə qədər vacib olduğunu göstərir.
Süni intellektin tətbiqinin başqa bir nümunəsi isə “CyberWell” şirkətidir. Şirkət sosial media platformalarında antisemit məzmunun və nifrət nitqinin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə edir. Sistem böyük həcmdə məlumatı izləyərək potensial pozuntuları aşkar edir, daha sonra mütəxəssislər həmin məzmunları dil, mədəniyyət və siyasi kontekst baxımından qiymətləndirirlər.
Şirkətin təqdim etdiyi məlumatlara görə, indiyədək 800 mindən çox məzmun nümunəsi pozuntu kimi qeydə alınıb, 400 mindən çoxu silinib və platformaların siyasətlərinin təkmilləşdirilməsi üçün 170 tövsiyə irəli sürülüb.
Texnologiyanın insan həyatına təsiri
İsraildə innovasiya ekosisteminin maraqlı tərəflərindən biri də elmi araşdırmaların real həyatdakı problemlərin həllinə yönəldilməsidir. Bu baxımdan “Technion” Texnologiya İnstitutu və Rambam Sağlamlıq Mərkəzinə səfər xüsusilə diqqətçəkən oldu.
“Technion” universiteti yalnız təhsil müəssisəsi deyil, həm də yüksək texnologiyalar sektoruna mütəxəssis və innovativ ideyalar qazandıran elmi mərkəz kimi fəaliyyət göstərir. Təqdim olunan məlumatlara əsasən, universitet məzunlarının təxminən 70 faizi İsrailin yüksək texnologiyalar sektorunda çalışır, onların 30 faizi isə şirkətlərin baş icraçı direktorlarıdır.

Universitetin yetirmələrinin yaratdığı layihələr arasında inək hüceyrələrindən laboratoriya şəraitində həqiqi ət yetişdirən “Aleph Farms”, eləcə də tibbi texnologiyalar və robotlaşdırılmış cərrahiyyə sistemləri üzərində çalışan şirkətlər var.
Texnologiyanın səhiyyədə tətbiqinə gəldikdə isə Hayfa şəhərindəki Rambam Sağlamlıq Mərkəzinin təcrübəsi diqqət çəkir. Təxminən 2,5 milyon nəfərə xidmət göstərən, 1000-dən çox çarpayısı və 6000 əməkdaşı olan xəstəxana tibbi xidmətlə yanaşı, rəqəmsal texnologiyaların tətbiqinə də xüsusi önəm verir.
Xəstəxanada məlumatların müxtəlif sistemlərdə ayrı-ayrılıqda saxlanılması problemini aradan qaldırmaq üçün “AI Factory” təşəbbüsü yaradılıb. Bu platforma hesablama gücünü, məlumat bazalarını və müxtəlif sahələrdə çalışan komandaları vahid sistemdə birləşdirir.
Təcili yardım şöbəsində istifadə olunan süni intellekt əsaslı “Shaked” sistemi isə diaqnostikanın sürətləndirilməsinə və lazımsız müayinələrin azaldılmasına xidmət edir.
.jpg)
Rambamın digər fərqli xüsusiyyəti dünyada ən böyük möhkəmləndirilmiş yeraltı təcili yardım xəstəxanasına malik olmasıdır. Bu infrastruktur fövqəladə vəziyyətlərdə, o cümlədən kütləvi travmalar zamanı tibbi xidmətlərin davamlılığını təmin etmək üçün nəzərdə tutulub.
Elmi araşdırmaların səhiyyədə tətbiqinə dair daha qeyri-adi nümunələrdən biri “Itay&Beyond” şirkətinin layihəsidir. Şirkət insan hüceyrələrindən miniatür beyin strukturları — orqanoidlər yetişdirərək onları çoxelektrodlu sistemlərlə əlaqələndirir. Süni intellektlə birləşdirilən bu texnologiya dərmanların təsirini qiymətləndirməyə, xəstəliklərin xüsusiyyətlərini araşdırmağa və pasiyentlərin müalicəyə fərdi reaksiyalarını öyrənməyə imkan yaradır. Bu yanaşma gələcəkdə ənənəvi heyvan sınaqlarına ehtiyacın azaldılmasına da töhfə verə bilər.
Təcrübə mübadiləsindən uzunmüddətli əməkdaşlığa
İsrailin innovasiya modelinin digər mühüm istiqaməti beynəlxalq əməkdaşlıqdır. 1958-ci ildə yaradılan Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi — MASHAV indiyədək 140-dan çox ölkədən 350 mindən artıq şəxsi təlim proqramlarına cəlb edib. Təhsil, kənd təsərrüfatı, səhiyyə, icma inkişafı və innovasiya sahələrini əhatə edən proqramlar vasitəsilə müxtəlif ölkələrin mütəxəssislərinin bilik və bacarıqlarının artırılması hədəflənir. Son dövrlərdə süni intellekt və kibertəhlükəsizlik də agentliyin diqqət yetirdiyi istiqamətlər sırasına daxil edilib.
İsrail İnnovasiya Qurumu isə Hindistan və Qazaxıstan kimi ölkələrlə birgə maliyyələşdirmə fondları və investisiya mexanizmləri üzərində işləyir. Bu yanaşma innovasiyanın yalnız milli çərçivədə deyil, beynəlxalq tərəfdaşlıqlar vasitəsilə inkişaf etdirilməsinin əhəmiyyətini göstərir.
Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan mütəxəssislərin səfəri də məhz bu təcrübə mübadiləsinin bir hissəsi kimi qiymətləndirilə bilər. Görüşlər zamanı təqdim olunan nümunələr göstərir ki, uğurlu innovasiya ekosistemi ayrı-ayrı texnologiyaların mövcudluğu ilə deyil, elm, təhsil, dövlət, biznes və insan kapitalı arasında qurulan əlaqələrlə formalaşır.
İsrail təcrübəsinin diqqətçəkən tərəfi də budur: burada texnologiya yalnız gələcəyin qurulması üçün vasitə deyil, bu günün iqtisadi, sosial və təhlükəsizlik problemlərinin həlli üçün istifadə olunan real alətdir.