BAKI, 3 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Trampın idarəetmə üslubu Amerika dollarının məzənnəsinə mənfi təsir göstərir və ölkədə inflyasiya ilə mübarizəyə zərbə vura bilər.

Teleqraf xəbər verir ki, bu qənaət “The Washington Post” qəzetinin analitik məqaləsində yer alıb.

Nəşrin yazdığına görə, Donald Trampın 2025-ci ilin yanvarında yenidən Ağ evə qayıdışından sonra ABŞ dolları dəyərinin 10 faizindən çoxunu itirib.

Vaşinqtondakı Brukinqs İnstitutunun baş elmi əməkdaşı, əvvəllər Beynəlxalq Valyuta Fondunda çalışmış iqtisadçı Robin Bruks qəzetə açıqlamasında bildirib ki, bu il ərzində dolların məzənnəsi daha 10 faizədək ucuzlaşa bilər. Onun sözlərinə görə, investorlar siyasi xaosa instinktiv olaraq mənfi reaksiya verirlər.

“The Washington Post”un qiymətləndirməsinə əsasən, dolların ucuzlaşmasının əsas səbəblərindən biri Tramp administrasiyasının siyasətinin qeyri-sabit və ziddiyyətli şəkildə formalaşmasıdır. Məqalədə qəfil qərarlar, onların tez-tez dəyişdirilməsi, eləcə də idxal rüsumları və hərbi gücdən istifadə ilə bağlı addımların artan ölkə siyahısına şamil edilməsi vurğulanır.

Qəzet qeyd edir ki, bir çox xarici investorlar yaranmış qeyri-müəyyənlikdən yorulub. Nəşrin fikrincə, dolların zəifləməsi istiqamətində ümumi tendensiya hələ də davam edir. Xarici investorlar ABŞ valyutasından tam imtina etməsələr də, ona olan inam əvvəlki səviyyədə deyil.