BAKI, 19 aprel. TELEQRAF
Çinin paytaxtı Pekində keçirilən beynəlxalq yarımmarafonda humanoid robot 21 kilometrlik məsafəni rekord vaxtda qət edərək insan nəticəsini üstələyib.
Teleqraf xəbər verir ki, yarış Pekin şəhərində baş tutub.
Məlumata görə, yarışda təxminən 12 min insanla yanaşı, 300-ə yaxın humanoid robot da iştirak edib. Robotlar arasında “Şandyan” (“Şimşək”) adlı model finişə birinci çataraq məsafəni 50 dəqiqə 26 saniyəyə qət edib və əvvəlki rekorddən üç dəfə çox nəticə göstərib.
Təşkilatçıların bildirdiyinə görə, bu nəticə insanların yarımmarafon üzrə dünya rekordundan (56 dəqiqə 42 saniyə) daha yaxşıdır. İnsanlar arasında qaliblər isə Çin idmançıları olub: kişilər arasında Çjao Haycze (1 saat 7 dəqiqə 47 saniyə), qadınlar arasında isə Van Çyaosya (1 saat 18 dəqiqə 6 saniyə).
Yarışda 100-dən çox komanda humanoid robotlarını təqdim edib, onların bir hissəsi avtonom, digərləri isə məsafədən idarə olunub. Robotlar insanlarla paralel, lakin xüsusi ayrılmış zolaqda hərəkət ediblər.
Qeyd edək ki, 2025-ci ildə bu yarışa süni intellektin iştirakı ilə keçirilən rəsmi idman tədbiri statusu verilib. İlk belə yarımmarafon da ötən il Pekində təşkil olunmuşdu.