BAKI, 16 dekabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndi və Ağdərənin Həsənriz kəndində fərdi yaşayış evlərnin təmirinə ümumilikdə 12,9 milyon manat vəsait xərclənəcək.

Teleqraf xəbər verir ki, Xocalıda tikinti işlərini “Salmanoğlu-İnşaat” MMC icra edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı MMC ilə bir mənbədən müqavilə imzalayıb. Müqavilənin dəyəri 3 milyon 639 min 785,97 manatdır.

Eyni zamanda, Ağdərənin Həsənriz kəndində fərdi evlərin cari təmir işlərinin görülməsi üçün “Proform” MMC ilə 3 milyon 316 min 981,32 manat, “AEF Group” MMC ilə isə 5 milyon 954 min 469,59 manat dəyərində müqavilələr bağlanıb.

Hər iki kənddə dekabrın 12-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

Qeyd edək ki, “Salmanoğlu-İnşaat” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Natiq Əzizovdur.

“Proform” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Abbas Məmmədovdur.

2021-ci ildə dövlət qeydiyyatına alınan “AEF Group” MMC-nin isə nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Süleyman Aslanovdur.