BAKI, 9 dekbar. TELEQRAF
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) işğaldan azad edilmiş rayonlar üzrə elektrik mühərrikli avtobuslar alacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı "BAKUBUS" MMC “Azerbaijan Energy Automotive Factory” MMC ilə 16 milyon 675 min 640 manat dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, avtobusların alışına noyabrın 4 -dən başlanılıb, gələn ilin noyabr ayına qədər başa çatması planlaşdırılır.
Məlumat üçün bildirək ki, “Azerbaijan Energy Automotive Factory” MMC ötən il dövlət qeydiyyatına alınıb. 100 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazim oğludur.
Bu il “Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. MMC Sənaye Parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalını həyata keçirəcək. Yeri gəlmişkən, mətbuatda yer alan məlumatlara görə, müəssisə elə bu ildən fəaliyyətə başlayıb. Sentyabrda ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.