BAKI, 26 noyabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov və "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə üçtərəfli anlaşma memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcəkdir.
Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.