BAKI, 25 noyabr. TELEQRAF

Bu gün Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə bağlı hüquqi proses başa çatıb.

Assosiasiya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan keçib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artım müşahidə edilir. Belə bir zamanda marşrutların şaxələndirilməsinə ehtiyac yaranıb. Bu məqsədlə Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsi əhəmiyyətlidir.

Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.

Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.