BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, sözügedən dövlət standartları istilik və qaz sayğaclarının işləmə prinsipləri, təhlükəsizliyi, istehsalı, eləcə də sınaqlarına dair tələbləri müəyyən edir.
Avropa standartları əsasında işlənib hazırlanmış dövlət standartlarının tətbiqində məqsəd istilik və qaz sayğaclarının təhlükəsizliyini və ölçmə nəticələrinin düzgünlüyünü təmin etməkdir.
Qeyd edək ki, yeni dövlət standartları "Metrologiya sahəsi" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 47) konsensus əsasında qəbul olunub və AZSTAND onları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.